×
A
A
A
Sazlamalar

Ali Məhkəmə Avropa Şurası ilə əməkdaşlığı davam etdirir

Bakı, 29 mart, AZƏRTAC
Martın 29-da Azərbaycan Respublikası Ali Məhkəməsinin sədr müavini Çingiz Əsgərov Avropa Şurasının ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüb.
Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ali Məhkəmə sədrinin müavini Avropa Şurası ilə əməkdaşlıq çərçivəsində Ali Məhkəmənin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin iş fəaliyyətinin və orada tətbiq olunan texnologiyanın öyrənilməsində və bununla da Ali Məhkəmənin fəaliyyətinin institusional olaraq artırılmasında maraqlı olduğunu bildirib.
Görüş zamanı ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə məhkəmə-hüquq sistemində aparılan islahatlar, qanunvericiliyə edilən çoxsaylı dəyişikliklər, Ali Məhkəmədə aparılan struktur islahatları, vahid məhkəmə təcrübəsinin formalaşdırılması istiqamətində görülən işlər, eləcə də Ali Məhkəmə tərəfindən İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarının ölkə məhkəmələrində öyrənilməsi və tətbiqi istiqamətində görülən işlər və Avropa Şurasının “Avropa Məhkəməsi qərarlarının Azərbaycan tərəfindən icrasının gücləndirilməsinə dəstək” layihəsi çərçivəsində görülən işlər barədə müzakirələr aparılıb.
Həmçinin Ali Məhkəmənin Avropa Şurası təsisatları ilə əməkdaşlıq münasibətləri, həyata keçirilən layihələr çərçivəsində ötən ilin noyabrında Ali Məhkəmədə təşkil olunan seminarlar, eləcə də bu yaxınlarda Strasburqda təşkil edilən tədris səfərinin əhəmiyyəti və bu cür əməkdaşlığın ölkəmizdə aparılan islahatlara müsbət təsiri qeyd olunub.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

Cəmiyyət 2023-03-29 18:40:00