×
A
A
A
Sazlamalar

Ukraynalı fotoqraf “World Press Photo” müsabiqəsinin qalibi olub

Bakı, 29 mart, AZƏRTAC
Nüfuzlu “World Press Photo” müsabiqəsinin laureatlarının adları elan olunub. Ukraynalı fotoqraf Yevgeni Maloletka müsabiqənin 24 regional qalibləri sırasında yer alıb.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, 2022-ci ildə müsabiqədə iştirak edən 127 ölkədən olan 3752 fotoqraf 60448 fotoşəkil təqdim edib. 1955-ci ildən bəri təşkil olunan “World Press Photo” müsabiqəsi ötən ildən yeni qaydalar əsasında – coğrafi tarazlığı təmin etmək məqsədilə iki mərhələ üzrə keçirilir.
Regional müsabiqə çərçivəsində seçilmiş fotoşəkillər fotojurnalistlər və sənədli fotoqraflar tərəfindən ən aktual və dünyanı narahat edən mövzuları – Ukraynada müharibə, İranda etirazlar, Əfqanıstanda yeni reallıqlar və Talibanın hakimiyyəti ələ keçirməsi, həmçinin iqlim dəyişikliyinin planetin müxtəlif guşələrində - Mərakeşdən Qazaxıstanadək olan ərazidə bütün təzahürlərini əhatə edir.
Cari ilin qalibləri arasında 16 yerli fotoqraf var. Onlar tarixi hadisələri öz vətənlərində lentə alıb, yəni müsabiqə üçün seçilmiş fotoşəkillər bilavasitə həmin regiona aiddir. Müsabiqədə 24 regional qaliblə yanaşı, jürinin həvəsləndirici mükafata layiq gördüyü altı fotoqrafın da adları elan edilib. Bu, 2023-cü ilə məxsus yenilikdir. Qlobal müsabiqənin laureatları 24 regional qalib arasından seçiləcək. Onların adları aprelin 20-də elan ediləcək.
2023-cü il regional mərhələsinin qalibləri sırasında Ukraynada müharibəni əks etdirən üç layihə var. İki əsas nominasiya üzrə qaliblər dünyada rezonansa səbəb olmuş fotoşəkillərin müəllifləri olublar. “Avropa” kateqoriyasında Reuters agentliyinin yunan fotoqrafı Alkis Konstantinidisin fotoşəkli qalib olub. “Avropa. Fotoreportaj” kateqoriyasında isə ukraynalı fotoqraf Yevgeni Maloletka qalib gəlib. Təqdim edilən fotoşəkillərdən biri “Ukraynalı hərbçilərin bombardmandan sonra doğum evindən çıxardığı hamilə qadın” baş məqaləsinə qoyulub. Ukrayna müharibəsi və dinc əhalinin əzabları mövzusuna həsr olunmuş daha bir qalib əsərin müəllifi isə “Associated Press” agentliyinin ispaniyalı fotoqrafı və jurnalisti Emilio Morenattidir. Onun fotoşəkilləri “honorable mentions” adlı həvəsləndirici mükafata layiq görülüb.

Mədəniyyət 2023-03-29 17:44:00