×
A
A
A
Sazlamalar

31 mart soyqırımı erməni vəhşiliyinin hüdudlarının olmadığının gösrəricisidir

Bakı, 29 mart, AZƏRTAC

Erməni milliyyətçiləri XIX əsrin sonlarında - 1885-ci ildə Marseldə “Armenakan”, 1887-ci ildə Cenevrədə “Qnçaq”, 1890-cı ildə isə Tiflisdə “Daşnaksütyun” partiyalarında təşkilatlanaraq “böyük Ermənistan” xülyasını reallaşdırma planının növbəti mərhələsinə başlamışdılar. Onlar mifik “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə XX əsr ərzində 4 mərhələ üzrə – 1905-1906-cı , 1918-1920-ci, 1948-1953-cü , 1988-1993-cü illərdə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçiriblər. Xalqımızın başına gətirilən ən dəhşətli faciələrdən biri də, xüsusi qəddarlığı ilə yadda qalan 1918-ci il martın 31-dən başlayaraq aprel aynın ilk günlərində Bakı Kommunasının mandatı altında daşnak-bolşevik silahlı dəstələri tərəfindən Bakı şəhərinə törədilmiş kütləvi qırğınlar olub. Qeyd etmək istərdim ki, həmin il Bakı Kommunasına rəhbər erməni millətçisi Stepan Şaumyan təyin edilmişdi. Martın 30-da daşnak-erməni birləşmələri Bakı şəhərini gəmilərdən yaylım atəşinə tutmağa başladılar. Bunun ardınca isə silahlı daşnaklar azərbaycanlıların evlərinə hücum edərək amansız qətllər törətdilər. Martın 31-i və aprelin ilk günlərində qırğınlar kütləvi xarakter aldı, minlərlə dinc azərbaycanlı yalnız milli mənsubiyyətinə görə məhv edildi. Həmin günlərdə erməni bolşevik birləşmələri Bakıda 10 mindən çox azərbaycanlını qətlə yetirdilər. Həmin qanlı hadisələr zamanı insanlar evlərində diri-diri yandırıldı, işgəncə və amansızlıqla öldürüldü. Dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda, “Daşnaksütyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak edib. Həmin soyqırımın qəddarlığını xarakterizə edən cəhətlərdən biri də ondan ibarətdir ki, daşnaklar uşaqlara, qadınlara, qocalara qarşı xüsusi amansızlıq etmişdilər.
Azğınlaşmış daşnaklar martın 30-dan aprelin 3-dək Bakı şəhərində törətdikləri cinayətləri Azərbaycanın digər bölgələrində də həyata keçiriblər. Həmin soyqırımı zamanı Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Zəngəzur və digər ərazilərdə 30 mindən çox azərbaycanlı qətlə yetirildi, 10 minlərlə insan öz torpaqlarından qovuldu.
Bunu AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
Deputat bildirib ki, 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı və qəddar faciələrdən biridir. Belə ki, on minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanları qılıncdan, süngüdən keçirərək diri-diri yandırılmış, milli memarlıq inciləri, məktəblər, xəstəxanalar, məscid və mədəni abidələr dağıdılmış, məscidlərimiz və məzarlıqlarımız təhqir edilmişdi: “1918-1919-cu illərdə təkcə Qubada ermənilər tərəfindən 3 minə qədər yəhudi qətlə yetirilib. Həmin qırğınlar nəticəsində Quba qəzasının 122 kəndi tamamilə dağıdılmış, 2750-dən çox ev tamamilə yandırılmışdı. Ən dəhşətlisi də odur ki, aparılmış tədqiqat zamanı ermənilərin dinc əhaliyə divan tutan zaman odlu silahdan istifadə etməməsinin müəyyən edilməsidir. Belə ki, aşkarlanan kəllə və digər insan sümüklərində güllə yeri yoxdur. Onların hamısı küt alətlərlə öldürülüb. Araşdırmalar göstərir ki, qətlə yetirilmiş insanların baş nahiyəsindən balta ilə vurublar. Sonra xəncərdən istifadə etməklə başlarını bədənlərindən ayırıblar. Bəzi kəllə sümüklərində mismarlar aşkarlanıb. İnsanların başına mismar vurmaqla öldürülməsi vəhşiliyin hüdudlarının olmadığını göstərir. Xüsusi qəddarlıqla öldürülən insanlar su arxlarına və quyulara doldurulub, üzəri torpaqla örtülüb.
Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrinin araşdırılması və həqiqətlərin dünyaya yayılması işi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla Martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib. Həmin Fərmanın imzalanması həm də məsələ ilə bağlı aparılan tədqiqatlara, habelə həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verib. Bundan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülüb, çoxlu əsərlər yazılıb və əcnəbi dillərə tərcümə olunub. Ötən illər ərzində aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb, Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir.
Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Quba şəhərində “Soyqırımı memorial kompleksi” yaradılıb. Bu təşəbbüs həm də erməni faşizminin ifşasına və həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasına xidmət edir”.
S.Hüseynova tarix boyu ermənilərin xislətinin dəyişmədiyini, onların azərbaycanlılara qarşı kin-küdurətin bitmədiyini deyib: “Biz bunu həm Birinci, həm də İkinci Qarabağ savaşları zamanı da gördük. 1988-1994-cü illərdə ermənilərin dinc əhaliyə qarşı sərgilədiyi amansız münasibət, Xocalı soyqırımında, Bağanis-Ayrım, Ağdaban kimi qətliamlar da onların əsl simasını göstərən faktlardır. Daha sonra Vətən müharibəsindən sonra Xocavəndin Edili kəndində aşkarlanmış məzarlıq da belə faktlardan biridir. Həmin məzarlıq Birinci Qarabağ müharibəsi zamanı əsir düşənlərin kütləvi qətlə yetirilməsinin daha bir sübutu idi. Bunu da xatırlatmaq yerinə düşər ki, ermənilər Birinci Qarabağ müharibəsi zamanı 4 minə yaxın azərbaycanlını girov götürüblər və hələ də onların taleyi ilə bağlı heç bir məlumat verilmir. Onlar beynəlxalq öhdəlikləri yerinə yetirmirlər. Ümumiyyətlə, son 200 il ərzində ermənilər və onların havadarları azərbaycanlılara qarşı soyqırımı və düşmənçilik siyasəti aparıblar. Bu siyasət nəticəsində xalqımıza məxsus olan ərazilər işğal edilib, həmin ərazilərdə olan toponim abidələrin adları dəyişdirilib, bölgədəki infrastruktur və yaşayış məntəqələri məhv edilib, burada yaşayan dinc əhaliyə qarşı amansız soyqırımı və qətllər törədilib. Vətən müharibəsi zamanı Azərbaycan Ordusu qarşısında aciz olan ermənilər yenidən dinc əhalidən heyf çıxmağa çalışdılar. Həmin dövrdə döyüş bölgəsindən uzaqda olan Gəncə, Bərdə və digər şəhərlərdə yaşayış məntəqələri raket atəşinə tutuldu. Bunun nəticəsində uşaq, qadın, yaşlı insanlar daxil olmaqla yüzlərlə vətəndaşımız həlak oldu. Müharibədən sonrakı dövrdə də 300-ə qədər vətəndaşın mina qurbanı olması da, erməni cinayətlərinin daha bir sübutudur. Beynəlxalq təşkilatlar Ermənistanın qanunsuzluqlarına və qəddarlıqlarına nəinki heç bir reaksiya vermir, bəzi hallarda hətta onlara havadarlıq da edirlər. Ermənistanın mövqeyini dəstəkləyən bəyanatların verilməsi, onları növbəti cinayətlər törətməyə həvəsləndirir. Bu halda beynəlxalq qurumların üzərinə çox ciddi məsuliyyət düşür. Dünyanın ali qurumları ədalətsizliyə sussa da, Azərbaycan öz haqqını döyüş meydanında aldı. Yenilməz Sərkərdə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfərlə torpaqlarımızı işğaldan azad etməklə yanaşı, iki əsr ərzində xalqımıza qarşı törədilmiş qətliamların da qısasını aldı.
31 Mart soyqırımı hadisəsinin 105 ili tamam olur. Bu cür hadisələri həm tariximiz baxımından xatırlamalı, həm də ermənilərin xislətlərinin dəyişməz olduğunu unutmamalıyıq. Ümid edirik ki, beynəlxalq qurumlar Ermənistanın əsl üzünü və xalqımıza qarşı məkrli niyyətini anlayacaq və onların barbarlıqlarına hüquqi qiymət verəcək”.

 

Sosial 2023-03-29 16:07:00