×
A
A
A
Sazlamalar

Qaxda konfrans: “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi”

Qax, 29 mart, Mustafa Dadaşov, AZƏRTAC

Ulu Öndər Heydər Əliyev tariximizə Azərbaycan dövlətinin müstəqilliyinin dönməzliyini, milli varlığın, milli ideyanın və milli şüurun yaşamasını təmin edən, azərbaycançılığı dövlət ideologiyasına çevirən, öz ölkəsinin, xalqının, dövlətinin mənafeyini hər şeydən üstün tutan lider kimi düşüb. Ümummilli Liderin milli ideologiya olaraq irəli sürdüyü azərbaycançılıq vaxtilə dövlətimizə qarşı müxtəlif istiqamətlərdən yönələn təhdidlərin, ölkəmizi etnik separatizm əsasında parçalamaq cəhdlərinin qarşısının alınmasında mühüm vasitə olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə martın 29-da Qax şəhərində keçirilən “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda konfransda səsləndirilib.
Tədbirə dəvət olunan qonaqlar əvvəlcə Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiriblər.
Konfransın əvvəlində Ümummilli Lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayonun rəhbər işçilərinin, respublikanın tanınmış elm və incəsənət adamlarının, şəhid ailələrinin üzvlərinin, Birinci Qarabağ və Vətən müharibəsi iştirakçılarının, ağsaqqal və gənclərin, ictimaiyyətin nümayəndələrinin iştirak etdiyi konfransı icra hakimiyyətinin başçısı Musa Şəkiliyev açaraq, Prezident İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərəncamına əsasən, 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edildiyini və bununla əlaqədar rayonda silsilə tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.
Bildirilib ki, tariximizin yetirdiyi ən böyük şəxsiyyətlərdən olan Heydər Əliyev təkcə Azərbaycan xalqının deyil, bütün dünya xalqlarının və bəşəriyyətin tarixinə daxil olub. Ümummilli Liderin 30 ildən artıq Azərbaycana rəhbərliyi dövründə ölkəmizin inkişafı və qüdrətlənməsi naminə gördüyü tarixi xidmətlər xalqımız tərəfindən yüksək qiymətləndirilir. Azərbaycanlı olmağı ilə həmişə fəxr edən bu böyük şəxsiyyətin keçdiyi şərəfli ömür yolu, xalqının yolunda göstərdiyi misilsiz xidmətlər müasirlərimiz, eləcə də gələcək nəsillər üçün əsl örnəkdir.
Konfransda rayon icra hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərovanın mövzu ilə bağlı məruzəsi dinlənilib. Bildirilib ki, Heydər Əliyev təkcə müstəqillik dövründə deyil, Azərbaycanın sovet totalitar rejiminin tərkibində olduğu illərdə də mərkəzdən olan təzyiqlərə, türk xalqlarına qarşı aparılan ayrı-seçkilik siyasətinə və islamofobiya meyllərinə baxmayaraq, Azərbaycan dilinin və milli-mənəvi dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi üçün mühüm tədbirlər görməklə dövlətçiliyin və milli ruhun ardıcıllığını təmin edə bilib. Ulu Öndər hələ respublikamıza birinci rəhbərliyi dövründə azərbaycançılıq məfkurəsi istiqamətində çox böyük və qətiyyətli addımlar atıb. Azərbaycan tarixinin, dilinin, ədəbiyyatının, mədəniyyətinin hərtərəfli şəkildə və dərindən öyrənilməsi, təbliği, gənc nəslin milli-mənəvi dəyərlər ruhunda təbliğ edilməsində, bütün sahələrdə azərbaycançılıq amalının möhkəm, etibarlı bazasının formalaşdırılmasında Heydər Əliyevin böyük xidmətləri olub.
Konfransda Əməkdar incəsənət xadimi, kinorejissor, Prezident təqaüdçüsü Xamis Muradov, tarix elmləri doktoru, professor Qafar Cəbiyev, general-leytenant Ehram Hacıyev çıxış edərək, Heydər Əliyevlə olan görüşləri ilə bağlı xatirələrini bölüşüb, Ulu Öndərin Azərbaycan mədəniyyətinin, elminin, kino sənətinin inkişafına, tarixi-mədəni və milli-mənəvi dəyərlərimizin qorunmasına, ordu quruculuğu sahəsinə verdiyi töhfələrdən ətraflı bəhs ediblər.
Sonda Ümummilli Liderə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Regionlar 2023-03-29 16:01:30