Kahramanmaraşda fəaliyyət göstərən hərbi tibb personalımız təltif olunub
Bakı, 29 mart, AZƏRTAC
Türkiyədə baş vermiş zəlzələ nəticəsində xəsarət alanlara tibbi yardım göstərmək məqsədilə qardaş ölkəyə ezam olunmuş Azərbaycan Ordusunun hərbi tibb personalı müdafiə nazirinin müvafiq əmrinə əsasən təltif olunub. Martın 29-da Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında təltif olunan hərbi qulluqçuların təqdimat mərasimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların, eləcə də Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra müdafiə naziri general-polkovnik Zakir Həsənovun tibb personalının təltif olunması ilə bağlı müvafiq əmri oxunub.
Tibb İdarəsinin rəisi Firudin Nəbiyev çıxış edərək bildirib ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Türkiyəyə ezam olunan tibb heyətimizin fəaliyyəti qardaş ölkədə də yüksək qiymətləndirilib. Hərbi tibb personalımız Kahramanmaraşda Türkiyə Səhiyyə Nazirliyinin və Silahlı Qüvvələrinin nümayəndələri ilə qarşılıqlı əlaqədə, ümumilikdə 81 cərrahi əməliyyat icra edib, 517 nəfərə ambulator yardım göstərib.
Çıxışlarda hərbi həkimlərimizin Vətən müharibəsində də peşəkarlıq nümayiş etdirdikləri və Azərbaycan Prezidenti, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirildikləri xüsusi vurğulanıb.
Sonda ümumi cərrah, travmatoloq, LOR cərrah, oftalmoloq, neyrocərrah, revmatoloq, anestezioloq, plastik-rekonstruktiv cərrah, feldşer, əməliyyat tibb bacıları və anestezistlər olmaqla, Azərbaycan Ordusunun 20 nəfərlik hərbi tibb personalına növbəti hərbi rütbə, medal və fəxri fərmanlar təqdim edilib.
“Anatolian Phoenix – 2023” beynəlxalq təlimində praktiki tapşırıqlar icra edilib VİDEO
Bakı və Sumqayıtda macar hərbi əsirlərin dəfn edildiyi məzarlıqlar ziyarət olunub
Azərbaycan-Macarıstan hərbi əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə edilib VİDEO
MN: Ermənistan silahlı qüvvələri mövqelərimizi atıcı silahlardan fasilələrlə atəşə tutub
Azərbaycan ilə İtaliyanın Hərbi Dəniz Qüvvələri arasında hərbi sahədə əməkdaşlıq müzakirə edilib