×
A
A
A
Sazlamalar

Antalyada “Böyük dəbilqə” turnirdə ölkəmizi 17 cüdoçu təmsil edəcək

Bakı, 29 mart, AZƏRTAC

Martın 31-də Antalyada start götürəcək “Böyük dəbilqə” turnirinə qatılacaq Azərbaycan cüdoçuları müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, Türkiyədəki yarışda 17 idmançımız tatami üzərinə çıxacaq.
Turnirdə kişilərin yarışında ölkəmizin idman şərəfini Kəramət Hüseynov, Nazir Talıbov (hər ikisi 60 kq), Orxan Səfərov, Yaşar Nəcəfov (hər ikisi 66 kq), Hidayət Heydərov, Nurlan Osmanov (hər ikisi 73 kq), Səid Mollayi, Zelim Tçkayev (hər ikisi 81 kq), Məmmədəli Mehdiyev, Murad Fətiyev (hər ikisi 90 kq), Zelim Kotsoyev (100 kq), Uşangi Kokauri və Camal Qamzatxanov (+100 kq) qoruyacaqlar.
Qadınların mübarizəsində Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq) və Fidan Əlizadə (57 kq) güclərini sınayacaqlar.
Aprelin 2-də yekun vurulacaq turnirdə 85 ölkədən 349 kişi, 266 qadın cüdoçu mübarizə aparacaq.

İdman 2023-03-29 13:18:00