×
A
A
A
Sazlamalar

Fermerlər üçün əkin kalkulyatoru istifadəyə verilib

Bakı, 29 mart, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondu, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun tövsiyəsi ilə fermerlər üçün ilk dəfə olaraq əkin kalkulyatoru istifadəyə verilib.
Dövlət Toxum Fondunun sədri Sərxan Sərxanov AZƏRTAC-a bildirib ki, kalkulyatorun istifadəyə verilməsində əsas məqsəd fermerləri əkin xərcləri və gəlirləri barədə daha ətraflı məlumatlandırmaqdır. Artıq fermerlər və aqrar sahədə çalışanlar Dövlət Toxum Fondunun saytı üzərindən kalkulyatordan istifadə etməklə əkin sahələrinin rentabelliyini özləri müstəqil olaraq hesablaya biləcəklər (https://dtf.gov.az/farmer-calculator).
Əkin kalkulyatorundan istifadə üsulu isə çox sadədir. İstənilən şəxs kalkulyatora fəaliyyət göstərdiyi rayonu, toxumun sortunu və reproduksiyasını, həmçinin əkin sahəsinin miqdarını daxil etməklə əldə edəcəyi məhsulun həcmini, əkinə çəkiləcək xərcləri və gəliri asanlıqla hesablaya bilər.
Hazırda payızlıq buğda və arpa bitkiləri üzrə əkin sahəsinə çəkiləcək xərcləri və gəlirləri kalkulyator üzərindən hesablamaq mümkündür. Növbəti mərhələlərdə tərəvəz və digər bitkilər üzrə əkin sahəsinə çəkiləcək xərcləri və gəlirləri kalkulyator vasitəsilə hesablamaq mümkün olacaq.

Kənd təsərrüfatı 2023-03-29 12:54:23