×
A
A
A
Sazlamalar

Paytaxt teatrlarının bölgələrə səkkiz ərməğanı

Bakı, 29 mart, AZƏRTAC

“Heydər Əliyev İli” çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə paytaxtda fəaliyyət göstərən səkkiz teatrın martın 20-dən 27-dək bölgələrə qastrol səfərləri həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, uzun illərdən sonra ilk dəfə belə geniş şəkildə təşkil olunan, peşəkar milli Azərbaycan teatrının 150 illiyinə təsadüf edən qastrol aksiyasının məqsədi regionlarda mədəni həyatın fəallaşdırılması, əhalinin, xüsusilə də gənclərin asudə vaxtının daha mənalı keçirilməsi, yerli yaradıcı kollektivlərlə sıx ünsiyyət və faydalı təcrübə mübadiləsinə şərait yaratmaqdır.

“Yuğ”un “Şəbədə”si Şamaxıda

Novruz bayramının ilk günündə başlayan qastrol proqramı çərçivəsində Azərbaycan Dövlət “Yuğ” Teatrı “Şəbədə” tamaşasını Şamaxı rayon Mədəniyyət Mərkəzində nümayiş etdirib.
Böyük mütəfəkkir, milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin “Mürafiə vəkillərinin hekayəti” pyesi əsasında hazırlanan birhissəli səhnə əsərinə rejissor Gümrah Ömər quruluş verib. “Mənəviyyatın çözə bilmədiyini heç bir ədalət məhkəməsi çözə bilməz!” ideyalı səhnə işində xurafat və gerilik tənqid hədəfidir.
Tamaşanın quruluşçu rəssamı Umay Həsənova, rejissor assistenti Məryəm Qələndərlidir. Rolları Xalq artisti Vidadi Həsənov (Ağa Mərdan), aktyorlar Elgün Həmidov (Ağa Salman), Vüqar Hacıyev (Ağa Abbas, Hacı Rəcəbəli), Amid Qasımov (Ağa Kərim), Elçin Əmirov (Əziz bəy), Mətanət Abbas (Zübeydə), Ləman Mərrih (Səkinə) və Günəş Mehdizadə (Zeynəb) canlandırıblar.

Qəbələdəki teatrsevərlər üçün “Pantomima buketi”

Azərbaycan Dövlət Pantomima Teatrı “Pantomima buketi” ilə Qəbələdə teatrsevərlərin qarşısına çıxıb. Tamaşanın ideya müəllifi və quruluşçu rejissoru Xalq artisti Bəxtiyar Xanızadə, rəssamı Əməkdar artist Qurban Məsimov, musiqi tərtibatçısı Əməkdar artist Elman Rəfiyevdir.

Nizami yurdunda “Yeddi gözəl”

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı Nizami Gəncəvinin “Yeddi gözəl” poeması əsasında eyniadlı tamaşanı Gəncə Dövlət Dram Teatrının səhnəsində təqdim edib.
Tamaşanın quruluşçu rejissoru Yonas Vaytkus, quruluşçu rəssamı Arturas Şimonis, geyim üzrə rəssamı Sandra Straukayte, musiqi tərtibatçısı Alqirdas Martinaytisdir (dördü də Litvadan). Xoreoqrafiya Tahir Eynullayevə, videoinstalyasiya Emin Mirabdullayevə məxsusdur. Rolları Xalq artisti Fuad Osmanov, Əməkdar artistlər Maqsud Məmmədov, Murad Məmmədov, Həcər Ağayeva, Teymur Rəhimov, Mariya Dubovitskaya, Bella Safina (Klimaşeva), Oleq Əmirbəyov, Yuri Omelçenko, Natavan Hacıyeva, digər artistlər Rüstəm Kərimov, Yeganə Hüseynli, Zaur Terequlov, Ramil Əliyev, Olesya Qasımova, İoanna Ferştandt, Rumiyyə Ağayeva və başqaları canlandırıblar.

Salyan və Lənkəranda marionet kukla tamaşası

Azərbaycan Dövlət Kukla Teatrı Salyan Dövlət Kukla Teatrının səhnəsində “Müsyö Jordan və dərviş Məstəli şah” marionet tamaşasını göstərib.
M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” komediyası əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Aleksandr Maksimıçev, quruluşçu rəssamı Tatyana Melnikova, bəstəkarı İqor Roqalyov, quruluşçu baletmeysteri Zakir Ağayevdir. Marionet tamaşada qəhrəmanları Elnur Abbasquliyev, Səriyyə Mansurova, İqbal Əliyev, Cavid Telman, Elmira Hüseynova canlandırıblar.
Paytaxtın kuklaçıları həmçinin bu tamaşanı Lənkəran şəhər O.Mirzəyev adına uşaq evində də nümayiş etdiriblər. Tamaşadan sonra yaradıcı heyət bayram tədbirini əyləncəli oyunlarla davam etdirib. Novruzun əsas personajları Kosa və Keçəl uşaq evi sakinlərinə Kukla Teatrının bayram hədiyyələrini təqdim edib.

“Lənkəran xanının vəziri” Qusarda

Şuşa Dövlət Musiqili Dram Teatrı M.F.Axundzadənin “Lənkəran xanının vəziri” komediyası əsasında hazırlanan eyniadlı tamaşanı Qusarda nümayiş etdirib.
Əməkdar artist Loğman Kərimovun quruluş verdiyi səhnə əsəri Qusar Dövlət Ləzgi Dram Teatrının səhnəsində təqdim olunub.
Azərbaycan peşəkar milli teatrının ilk səhnə (1873) əsəri olan komediya hazırkı quruluşda 11 il əvvəl Şuşa teatrının repertuarına daxil edilib. Milli dramaturgiyamızın banisi Mirzə Fətəlinin 200 illik yubileyi münasibətilə hazırlanan tamaşanın premyerası 2012-ci il iyunun 25-də gerçəkləşib.

“Molla Nəsrəddinin beş arvadı” Mingəçevirdə

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı heyəti Mingəçevir Dövlət Dram Teatrının səhnəsində məşhur özbək yazıçısı İbrahim Sadıqovun “Molla Nəsrəddinin beş arvadı” (tərcümə D.Mustafayev) komediyasını nümayiş etdirib.
Əməkdar incəsənət xadimi Əsgər Əsgərovun quruluş verdiyi tamaşada rolları Əməkdar artistlər Əkbər Əlizadə, Nahidə Orucova, İqrar Salamov, aktyorlar Möylə Mirzəliyev, Mehriban Zaliyeva, Ülviyyə Əliyeva, Gülcahan Salamova, Gülnarə Əzizova, Ruslan Mürsəlov, Fərid Rzayev oynayıblar.
Səhnə əsərinin quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, rejissor assistenti Tamilla Aslanovadır.
Mürəkkəb pantomima elementlərinin icra olunduğu tamaşada Elnur Abbasquliyev, Ceyhun Dadaşov, Bəhruz Əhmədli, Elnur İsmayılov, Nurlan Rüstəmov, Əli Əlizadə, Nuridə Musabəyli, Zəhra Hüseynova, Aydan Həsənova, Elxan Şahaliyev, Elmin Qiyaslı izləyicilərə xoş anlar yaşadıblar.

Sumqayıt səhnəsində “Dəcəl keçi”

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi daha yaxında Sumqayıtda qastrolda olub. Yaradıcı heyət Sumqayıt Dövlət Dram Teatrında “Dəcəl keçi” tamaşası ilə çıxış edib. Pərvin Nurəliyevanın “Dəcəl keçi” əsəri əsasında səhnələşdirilən tamaşanın quruluşçu rejissoru Ayla Osmanova, quruluşçu rəssamı Elşən Sərxanoğludur. Rolları Səbinə Məmmədzadə, İlqarə Tosova, Zümrüd Quliyeva, Anar Seyfullayev, Yusif Dadaşov, Eyvaz İbrahimov və Vahid Orucoğlu canlandırıblar.
Kiçikyaşlı tamaşaçılar üçün nəzərdə tutulmuş səhnə əsərinin əsas ideyası keçinin timsalında xudpəsəndlik, tənbəllik, yalan və lovğalıq kimi mənfi cəhətlərin tənqididir.

Milli Dram Teatrı şəkililərin qonağı olub

Paytaxtda fəaliyyət göstərən səkkiz teatrın bölgələrə qastrol proqramı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının Şəki sənətsevərlərinə təqdim etdiyi “Məlikməmməd” tamaşasının nümayişi ilə başa çatıb. Kollektiv martın 27-də – Beynəlxalq Teatr Günündə “Məlikməmməd” tamaşasını nümayiş etdirib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin teatra diqqət və qayğısını əks etdirən videoçarx təqdim olunub. Akademik Milli Dram Teatrının direktor müavini Hacıbaba Məmmədov uğurla həyata keçirilən, regionların mədəni həyatı üçün vacib əhəmiyyət daşıyan layihə haqqında danışıb, teatrın rəhbərliyi və kollektivi adından Mədəniyyət Nazirliyinə, Şəki Şəhər İcra Hakimiyyətinə və Şəki Dövlət Dram Teatrına təşəkkürünü bildirib.
Sonra məşhur xalq nağılımızın səhnə təcəssümü nümayiş olunub. Böyük maraqla qarşılanan tamaşanın quruluşçu rejissorları Əməkdar artist Nicat Kazımov və Mehman Fətullayev, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Vüqar Məmmədov və Könül Kərimovadır. Rolları Əməkdar artist Mehriban Xanlarova, aktyorlar Elçin Əfəndi, Şəhla Əliqızı, Vüsal Mustafayev, Corc Qafarov, Elsevər Rəhimov, Rada Nəsibova, İlahə Həsənova, Lalə Süleymanova və Tural İbrahimov canlandırıblar.
Teatrların bölgələrə qastrol səfərləri “Heydər Əliyev İli”nə sənət töhfəsi olmaqla yanaşı, yerlərdə teatrsevərlərin yaddaşına maraqlı Novruz hədiyyəsi kimi yazılıb. Uşaq və böyüklərin sənət zövqü nəzərə alınaraq hazırlanan qastrol proqramı böyük maraqla qarşılanıb.

Teatr və kino 2023-03-29 11:24:04