×
A
A
A
Sazlamalar

Yazın əvvəlində immuniteti qorumaq lazımdır

Bakı, 29 mart, AZƏRTAC
Soyuq qış günlərindən sonra nəhayət ki, havalar isinməyə başlayır. Günəş şəfəq saçıb, külək azaldıqca isti geyimləri daha yüngül geyimlərlə əvəz edirik. Mütəxəssislər deyirlər ki, yazın ilk aylarında havalar aldadıcı olur, ona görə də parlaq günəşi görüb yüngül geyinməyə tələsmək lazım deyil.
AZƏRTAC xəbər verir ki, həkim-terapevt Nazilə Xəlilbəyova bununla əlaqədar deyib: “Mart ayı və aprel ayının axırlarına qədər aldadıcı parlaq günəş olsa da, havalar hələ lazımi qədər isinməyib. Ona görə də qalın geyimlərdən azad olmaq, soyuq su içmək, soyuq meyvələr yemək, papaqsız gəzmək çox tezdir. Qışda zəifləmiş orqanizm üçün birdən-birə temperatur fərqinə düşmək immuniteti xeyli aşağı salır”.
Evdə, mənzildə qapı-pəncərələri tez-tez açıb yelçəkən yerlərdə oturmaq da müəyyən fəsadlara səbəb olur: “Soyuqdan qorunmaq və soyuq qidalardan uzaq olmaq lazımdır. Yazın əvvəlində xroniki xəstəliklər - mədə xorası, mədə-bağırsaq xəstəlikləri daha çox aktivləşir. Ona görə də immuniteti qorumaqla yazda tez-tez rast gəlinən qrip və digər xəstəliklərə yoluxmamaq mümkündür”,- deyə həkim-terapevt bildirib.
Soyuq havalarda onsuz da zəifləmiş orqanizmi daha da zəiflətməmək məsləhətdir. İsti aylara sağlam və güclü çıxmaq üçün immuniteti qorumaq lazımdır.

Səhiyyə 2023-03-29 11:14:00