×
A
A
A
Sazlamalar

Paytaxt havasında dispers toz hissəciklərinin miqdarı normadan 1.8 dəfə yuxarı olub

Bakı, 28 mart, AZƏRTAC

Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a bildirilib ki, stansiyalardan əldə edilən məlumatların təhlilinə əsasən, gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dispers toz hissəciklərinin miqdarı normadan 1.8, dəm qazı 1.6, azot-4 oksidin miqdarı Gəncə şəhərində 1.3, Sumqayıt şəhərində isə 1.2 dəfə normadan çox müəyyən edilib.
Havada müşahidə olunan toz lokal xarakter daşıyır və küləkli hava şəraiti ilə əlaqədar yerin üst quru səthində formalaşan toz hissəciklərinin ətraf ərazilərə yayılması baş verir.
Dəm qazı və azot-4 oksidin miqdarının normadan yüksək olmasına səbəb isə nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması və digər antropogen təsirlərlə əlaqədardır.

 

Ekologiya 2023-03-28 18:58:00