×
A
A
A
Sazlamalar

Məktəblilər beynəlxalq qiymətləndirmə tədqiqatında iştirak edəcəklər

Bakı, 28 mart, AZƏRTAC

Beynəlxalq Kompüter və İnformasiya Savadlılığı Tədqiqatının (“ICILS-2023”) əsas sorğu mərhələsi ilə əlaqədar Lissabonda milli tədqiqat koordinatorlarının qiymətləndirmə təlimi keçirilib. Toplantının məqsədi “ICILS-2023” beynəlxalq qiymətləndirmə tədqiqatında məlumatların (dataların) toplanması və idarə olunması, tərcümə və verifikasiyası üzrə fəaliyyətləri müzakirə etmək olub. Görüşdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin strateji inkişaf məsələləri üzrə prorektoru Könül Pirverdiyeva iştirak edib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, toplantıda çıxış edənlər beynəlxalq qiymətləndirmə tədqiqatı üzrə şagird nəticələrinin qiymətləndirilməsi və kodlaşdırma prosesi haqqında məlumat veriblər.
Qeyd edək ki, “ICILS” VIII sinif şagirdlərinin kompüter və informasiya savadlılığı bacarıqlarının beynəlxalq qiymətləndirməsidir. Hər beş ildən bir keçirilən beynəlxalq qiymətləndirmə tədqiqatının növbəti administrasiyası bu il 30 ölkənin iştirakı ilə təşkil ediləcək. Azərbaycan 2023-cü il administrasiyasında ilk dəfə təmsil olunacaq. Ölkəmizdən 164 təhsil müəssisəsinin VIII sinif şagirdləri bu tədqiqatda iştirak edəcəklər.

Elm və təhsil 2023-03-28 18:31:00