×
A
A
A
Sazlamalar

Bir neçə ölkəyə yoluxucu heyvan xəstəlikləri ilə əlaqədar tətbiq olunmuş bəzi məhdudiyyətlər aradan qaldırılıb

Bakı, 28 mart, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, İordaniyanın Amman, İrbid, Karak əyalətlərində və Qazaxıstanın Karağandı vilayətində dabaq, Amerika Birləşmiş Ştatlarının Minnesota, Merilend, Texas ştatlarında isə qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb.
Həmin ərazilərdə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, bu xəstəliklərin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və xəstəliklərə görə epizootik sağlamlıq statusu bərpa olunub.
Bununla əlaqədar, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi” nəzərə alınaraq, dabaq və yüksək patogen quş qripi xəstəliklərinə görə həmin ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb.

Sosial 2023-03-28 17:42:00