×
A
A
A
Sazlamalar

Azəri-Mərkəzi-Şərqi platformasının dayaq bloku təhlükəsiz şəkildə suya buraxılıb

Bakı, 28 mart, AZƏRTAC
ASCO-nun “STB-1” barjı ilə dənizə göndərilən Azəri-Mərkəzi-Şərqi platformasının dayaq bloku təhlükəsiz şəkildə suya buraxılıb.
Bu barədə AZƏRTAC-a Azərbaycan Xəzər Dəniz Gəmiçiliyindən (ASCO) bildirilib.
“Heydər Əliyev” adına Bakı Dərin Özüllər Zavodunda inşa edilmiş platforma 16 martda ASCO-nun “STB-1” barjına yüklənərək yola salınıb. Xüsusi sürüşdürmə əməliyyatı ilə barjın üzərinə yüklənmiş dayaq blokunun çəkisi 16000 ton, hündürlüyü 153 metrdir.
Dənizin təxminən 140 metr dərinliyində aparılacaq dayaq blokunun və 48 şaxtalı hasilat, qazma və yaşayış platformasının quraşdırılması işlərinə ASCO-nun 2500 ton yükqaldırma qabiliyyətinə malik “Azərbaycan” kran gəmisi də cəlb ediləcək. Azəri-Mərkəzi-Şərqi layihəsində istismar olunması üçün ASCO-nun “STB-1” barjında ötən il zəruri modifikasiya işləri aparılıb. Barjın tələb olunan dərəcə üzrə sertifikasiyası yenilənib.
Xəzər dənizinin ən böyük barjı sayılan “STB-1”in uzunluğu 163, eni 45 metr, göyərtəyə yükgötürmə qabiliyyəti 18 min tondur.

İqtisadiyyat 2023-03-28 16:40:00