×
A
A
A
Sazlamalar

Moskvada Azərbaycan tarixinə dair müzakirələr keçirilib

Moskva, 28 mart, AZƏRTAC
Moskvada “Cümhuriyyətin Azərbaycan adlandırılması və onun tarixi əhəmiyyəti” adlı müzakirə keçirilib.
AZƏRTAC xəbər verir ki, M.İ.Rudomino adına Xarici Ədəbiyyat Kitabxanasında yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunan tədbirdə tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RGB) fəalları, diaspor nümayəndələri iştirak ediblər.
Dövlətimizin “Azərbaycan” adlandırılmasına qədər keçdiyi yoldan danışan Solmaz Rüstəmova-Tohidi deyib: “Bu ağır, iztirablı yolda Azərbaycan ziyalılarının səyi nəticəsində Azərbaycan dili, Azərbaycan milləti və Azərbaycan kimliyinin formalaşması prosesi sonda Azərbaycan dövlətinin yaranması ilə nəticələnib”.
Müzakirədə iştirak edən görkəmli Azərbaycan ədibi, ictimai siyasi-xadim, publisist, “Molla Nəsrəddin” jurnalının həmtəsisçisi Ömər Faiq Nemanzadənin nəvəsi Fuad Pepinov gənclərimizin 100 il bundan qabaq milli kimliyimizin formalaşdığı dövrü öyrənməsinin əhəmiyyətini vurğulayıb: “O zaman insanlar dərin durğunluq şəraitində milli kimliyimizi, milli özünüdərki formalaşdırıb, müstəqillik əldə etmişdilər. Bəli, 1920-ci ilin 28 aprel faciəsi baş verəndə bütün bunlar məhv edildi”.
F. Pepinov babası Ömər Faiq Nemanzadənin fəaliyyət dövrü haqqında danışaraq bildirib ki, o, cümhuriyyəti quranların fəal yoldaşı, həmfikri olub, Azərbaycan parlamentinin işində iştirak edib: “Tarix inkar etməsə də, o, faktiki olaraq unudulmuşdu. Lakin indi çox şadam ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə babam Ömər Faiq Nemanzadənin 150 illik yubileyi qeyd olunub”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Cəmiyyət 2023-03-28 15:55:00