×
A
A
A
Sazlamalar

Yaponiya müdafiə büdcəsini rekord dərəcədə artırır

Pekin, 28 mart, AZƏRTAC

Martın 28-də Yaponiya parlamentinin yuxarı palatası aprel ayında başlayacaq yeni maliyyə ili üçün dövlət büdcəsi haqqında qanun layihəsini təsdiqləyib.
AZƏRTAC Yaponiya mediasına istinadla xəbər verir ki, 114,38 trilyon yen (874,77 milyard ABŞ dolları) məbləğindəki büdcə sosial müdafiə və ölkənin özünümüdafiə qüvvələri üçün xərclərin rekord dərəcədə artımını nəzərdə tutur. Yaşlı insanların sayının ölkənin ümumi əhali sayında payının artması səbəbindən dünyanın ən sürətlə qocalan əhaliyə malik ölkələrindən biri olan Yaponiyanın hökuməti sosial müdafiə xərclərini 282,13 milyard dollar planlaşdırıb.
Müdafiə xərcləri isə qonşu ölkələrin təhlükəsizlik təhdidləri fonunda ötən illə müqayisədə 26 faiz artırılaraq, 52,15 milyard dollar nəzərdə tutulub. Bu, 1952-ci ildən bəri ən yüksək illik artım göstəricisidir. Artımı təmin etmək üçün aprelin 1-dən etibarən vergi olmayan gəlirlər ölkənin müdafiə xərclərinin qarşılanmasına yönəldiləcək. Baş nazir Fumio Kişidanın rəhbərlik etdiyi hökumət bununla da Yaponiyanın müdafiə xərclərinin ümumi daxili məhsulda (ÜDM) uzun illər davam edən 1 faizlik payının 2027-ci ildən etibarən 2 faizə çatdırılmasını təmin etməyi hədəfləyib.
Yeri gəlmişkən qeyd edək ki, 2024-cü ildən başlayaraq korporativ və gəlir vergisinin, habelə bəzi istehlak mallarına tətbiq olunan vergilərin artırılmasından əldə ediləcək vəsait də ölkənin müdafiə imkanlarının genişləndirilməsinə yönəldiləcək. Bundan başqa, əsasən təbii fəlakətlər üçün nəzərdə tutulan və xərclənməsi üçün parlament təsdiqinə ehtiyac olmayan ehtiyat fonddakı qalıq vəsaitlərinin də müdafiə məqsədilə istifadəsi mümkün olacaq.
İkinci Dünya müharibəsində məğlubiyyətdən sonra pasifist mövqe tutan Yaponiyanın hərbi xərclərini bu dərəcədə artırmasına müxalifət, habelə ictimaiyyət nümayəndələri də etiraz edirlər.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Dünya 2023-03-28 15:51:00