×
A
A
A
Sazlamalar

Ala qarğalar ağıllı quşlar olduğundan onlarla mübarizə aparmaq çox çətindir

Bakı, 28 mart, AZƏRTAC

Bakıda hərdən artıq müşahidə edilən boz və ya ala qarğa deyil, zağcalardır. Onlar ancaq qışlamaya gəlirlər. Təxminən oktyabrda gəlib mart-apreldə geri qayıdırlar. Yayda qalanlar boz qarğalardır. Ala qarğalar böyük şəhərlərdə əsasən zibilxanalarda yemlənirlər. Onlar balaca quşların, bəzək quşlarının yuvalarını dağıdır, balalarını, yumurtalarını, hətta özlərini də yeyirlər. Ala qarğa iri quşdur, çəkisi 350 qramdır, xırda quşlar 20-30 qram olur. Bəzək quşlarına yaxalıqlı tutuquşu, yaşılca, qara qaratoyuq, qış vaxtı dağ meşələrindən Bakıya gələn arıquşları, həmçinin meşə sərçəsini aid edə bilərik. Qışda gələnlərə ala qarğalar elə ziyan vura bilmirlər. Görünüşü və səsi xoşa gəlməyən ala qarğalar quşlar içərisində ən ağıllılar arasındadır. Onlar küçə heyvanlarının yeməyini belə əllərindən alırlar. Belə ki, biri itlərin, ya pişiklərin diqqətini yayındırır, digəri isə yeməyini qarşısından aparır.
Bunu Azərbaycan Ornitoloji Cəmiyyətinin direktoru, biologiya üzrə fəlsəfə doktoru Elçin Sultanov AZƏRTAC-a müsahibəsində deyib.
Cəmiyyətin direktoru quşların şəhərə gəlməsinin qarşısının alınmasının çətin məsələ olduğunu deyib: “Son 10-15 ildir ki, ala qarğalar paytaxtımıza dolublar. Axır illərdə isə sayları lap çoxalıb. Hər şeyin həddi var, o da müəyyən saya çatıb dayanacaq. Ekosistemə təzə növ gələndə əvvəl sayı artır, sabitləşəndə isə sayı müəyyən qədər azalıb dayanır. Bu hədd onun üçün sonuncu olur və yüngülvari dalğalanma qeydə alınır. Təəssüf ki, onun qarşısını ala bilməyəcəyik, hansısa xüsusi tədbirlər görsək də istənilən effekt verməyəcək. Ala qarğa ilə mübarizə aparmaq çox çətindir, çox ağıllı quşdur. Gərək müşahidə edək ki, sayı hansı dərəcədə dayanacaq. Adətən ağaclarda yuvalayırlar. Onlarla mübarizə üsullarından biri ağaclardakı yuvaya çıxıb yumurtalarına müəyyən dərman preparatlarının vurulmasıdır. Nəticədə yumurtalar inkişaf eləmir, hüceyrə içində ölür. Həmin yuvada ala qarğa 20 gün yox bir-iki ay yatır. Həm bala çıxmır, həm quş özü əldən düşür, elə olur ki, yumurtanın üstündə ölür. Belə üsulu onların kütləvi yuvaladağı yerlərdə istifadə ediblər. Çünki onlar kütləvi yuvalayanda vurduğu ziyan da çox olur. Yuvalar da yaxın yerləşir, qamışlıqda ya bir ağacda bir neçə yuva olur. Həmin yuvaları tapıb yumurtaya hansısa maddə vurmaq nisbətən asandır. Bu zaman artımın qarşını almaq mümkün olsa da, xüsusilə yuvalanma dövründə çox əziyyət tələb edən metoddur. Quşlar da görəndə ki, onların yuvalarına kənar müdaxilə var oranı tərk edib başqa yerdə yuvalaya bilərlər. Ona görə də bu üsulun nə qədər effektiv üsul olduğunu deyə bilmərəm”.

Ekologiya 2023-03-28 15:42:00