×
A
A
A
Sazlamalar

Seymur Əliyev: Dövlət Təhlükəsizliyi Xidməti regional təhlükəsizliyə böyük töhfələr verib

Bakı, 28 mart, AZƏRTAC

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti sadəcə ölkəmizin deyil, bütün regionun təhlükəsizliyinə böyük töhfələr verib.
AZƏRTAC xəbər verir ki, bunu açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat katibi, jurnalist-tarixçi Seymur Əliyev bildirib. Qeyd edib ki, Dövlət Təhlükəsizliyi Xidmətinin 44 günlük Vətən müharibəsində erməni faşizminə qarşı apardığı mübarizə buna nümunədir: “Dövlət Təhlükəsizliyi Xidməti 44 günlük Vətən müharibəsində erməni faşizminin məğlub edilməsində, işğaldakı torpaqlarımızın azad edilməsində yaxından iştirak edib. Müharibə zamanı həm ön xətdə, həm də arxa cəbhədə erməni separatizminə, terror və təxribat cəhdlərinə qarşı uğurla mübarizə aparan Dövlət Təhlükəsizliyi Xidməti, postmüharibə dönəmində də ölkəmizin düşmənlərinin zərərsizləşdirilməsində mühüm addımlar atmaqdadır. Son bir neçə ay ərzində onlarla İran casusunun de-şifrə olunaraq məsuliyyətə cəlb edilməsi buna nümunədir.
Azərbaycan regionun lider dövlətidir və bu dövlətin təhlükəsizliyinin təmin edilməsi ümumilikdə bütün regionun təhlükəsizliyinin təmininə töhfə vermək deməkdir. Dövlət Təhlükəsizliyi Xidməti həm erməni faşizminin məğlub edilməsində aktiv iştirak etmək, həm də bütövlükdə region üçün təhdid təşkil edən riskləri aradan qaldırmaqla regional təhlükəsizliyin qorunmasını təmin edib. Bu mənada Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyəti çox genişdir və bütün regionun rifahına, təhlükəsizliyinə, sülh və sabitliyə xidmət edir.
Peşə bayramları münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin bütün əməkdaşlarını təbrik edir, onlara xidməti vəzifələrində uğurlar arzulayırıq”.

Cəmiyyət 2023-03-28 14:56:00