×
A
A
A
Sazlamalar

Kəskin xəstəliyi olanların oruc tutması məsləhət görülmür

Bakı, 28 mart, AZƏRTAC

Oruc tutmaq orqanizmin sağlamlığı üçün çox vacibdir. Lakin bəzi xəstəlikləri olanların Ramazan ayında oruc tutması tövsiyə olunmur. Mədə-bağırsaq, şəkərli diabet, təzyiq və ürək-damar xəstəliyi olanlar oruc tutmaq üçün həkimlə məsləhətləşməlidir.
AZƏRTAC xəbər verir ki, həkim-kardioloq Emin Hacıbalayev bununla əlaqədar olaraq deyib: “Kəskin xəstəlikləri olanların, cərrahi əməliyyatdan təzə çıxanların və bərpa prosesi keçənlərin oruc tutmasına icazə verilmir. Xroniki xəstəliyi, məsələn, yüksək təzyiqi və işemik xəstəliyi olanlar, hipertoniklər həkimlə məsləhətləşəndən sonra qəbul etdikləri dərmanların vaxtını dəyişərək sahurda və iftarda onları qəbul edib qalan vaxtda oruc saxlaya bilərlər”.
Xroniki xəstəlikdən əziyyət çəkənlər və buna baxmayaraq oruc tutanlar düzgün qidalanma qaydalarına da ciddi əməl etməlidirlər. Həkimlər tövsiyə edirlər ki, iftar zamanı xüsusilə yağlı, duzlu yeməklərdən və şirniyyatlardan imtina etmək və pəhriz yeməklərinə üstünlük vermək lazımdır.
Həkim-terapevt Xumar Novruzova bu barədə deyib: “Saatlarla davam edən aclıqdan sonra qida qəbulu birdən-birə yox, müəyyən mərhələlərlə olmalıdır. Çox acı, duzlu-istiotlu və yağlı qidalardan, qızardılmış yeməklərdən çəkinmək lazımdır. Meyvə və şirniyyatlar əsas qidalardan iki saat sonra qəbul edilməlidir, çünki onların çoxlu miqdarda qəbul edilməsi həzm problemlərinin yaranmasına səbəb ola bilər”.
Kəskin xəstəliyi olanların oruc tutması onların sağlamlığı üçün ciddi təhlükə yarada bilər. Həmin xəstələrin saatlarla qida və mayedən imtina etməsi bir sıra orqanların sıradan çıxması ilə nəticələnə bilər.

Səhiyyə 2023-03-28 14:12:00