×
A
A
A
Sazlamalar

Mart soyqırımı tarixin yaddaşında - Eyvatlı kəndinin talan olunması

Bakı, 28 mart, AZƏRTAC

Erməni millətçiləri dənizdən-dənizə mifik “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə müxtəlif vaxtlarda soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçiriblər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır.
Bakı Xalq Komissarları Sovetinin sədri Stepan Şaumyanın başçılıq etdiyi bolşevik-daşnak rejiminin hakimiyyəti Bakıda azərbaycanlılara qarşı milli qırğın törədərək, xalqın oyanmaqda olan azadlıq arzusunu beşikdə ikən boğmaq, müsəlmanlara “dərs vermək” istəyirdi.
Bakıda törədilən 1918-ci ilin mart soyqırımında “Daşnaksutyun” bolşeviklərin zərbə qüvvəsini təşkil etdi. Digər tərəfdən, Şaumyanın təşkilatçılığı ilə Birinci Dünya müharibəsi cəbhələrindən geri çəkilən erməni əsgər və zabitləri Bakıda cəmləşdirildi. Bakıda azərbaycanlılara qarşı törədilən soyqırımının əsas təşkilatçısı və icraçısı Leninin Qafqaz işləri üzrə müvəqqəti fövqəladə komissar təyin etdiyi Şaumyan idi. Onun təşkil etdiyi “Qırmızı ordu”nun tərkibi də, demək olar ki, tamamilə ermənilərdən ibarət idi.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin Analitik və üzvi kimya kafedrasının müdiri kimya elmləri doktoru, professor Əli Zalov bildirib. O qeyd edib ki, bu ərəfədə Azərbaycan milyonçusu Hacı Zeynalabdin Tağıyevin Lənkəranda xidmət edən oğlu Məhəmməd Tağıyev təsadüfən əlindəki silahdan açılan atəş nəticəsində həlak olmuş, müsəlman alayının zabitləri onun dəfnində iştirak etmək üçün Bakıya gəlmişdilər. Dəfn mərasimindən sonra zabitlər “Evelina” gəmisi ilə Lənkərana qayıtmalı idilər. Əlverişli məqamın yetişdiyini görən ermənilər gizli şəkildə Rus Milli Şurası, Xəzər matrosları, eser və menşevik partiyaları arasında belə bir şayiə yaydılar ki, guya “Evelina” ilə gedən zabitlər Lənkəranda olan müsəlman hərbi dəstələri ilə birlikdə Muğandakı rus-molokan kəndlərini məhv etmək tapşırığı alıblar. Bu təxribat xarakterli şayiə öz nəticəsini verdi, Bakıda olan bütün qeyri-azərbaycanlı siyasi və hərbi qüvvələr “Evelina” gəmisinin tərk-silah edilməsinə tərəfdar oldu.
Martın 30-da saat 16:40 radələrində erməni kilsəsinin yanında toplaşan daşnak dəstələri müsəlmanlara ilk atəş açdılar və soyqırımına başladılar. Şaumyanın xahişi və Leninin xüsusi göstərişi ilə Saritsından göndərilən 2 təyyarə havadan, hərbi gəmilər isə dənizdən şəhərin azərbaycanlılar yaşayan məhəllələrini bombaladılar. Azərbaycan xalqına divan tutmaq üçün əllərinə fürsət düşmüş daşnaklar erməni neft sənayeçilərinin barjalarında qoyulmuş toplardan Abşeronun şimalındakı kəndləri də atəşə tutdular. Martın 31-də silahlı erməni əsgərləri müsəlmanların evlərinə soxulur, onları xəncər və süngü ilə doğrayır, uşaqları yanan evlərin içinə atır, körpələri süngüyə keçirirdilər. Dinc əhalini qorxudan dəhşətə gətirib istədiklərinə nail olmaq üçün hər cür vəhşiliyə əl atan bolşevik-erməni cəlladları müsəlman qadınlarını daha ağır formada qətlə yetirirdilər. Şəhərin təkcə bir yerində qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış 57 müsəlman qadının cəsədi tapılmışdı. Çoxlu gənc qadını diri-diri divara mıxlamışdılar. Bir çox müsəlman məhəllələri məhv edildikdən sonra martın 31-də axşamüstü İçərişəhərin alınması əməliyyatı başlandı.
Dəhşətli soyqırımına məruz qalan azərbaycanlılar martın 31-də müqaviməti dayandırdılar. Lakin erməni daşnak birləşmələri soyqırımını aprelin 2-si gecədən xeyli keçənədək davam etdirdilər.
Rəsmi məlumatlara görə, mart soyqırımı nəticəsində Bakıda 12 mindən çox azərbaycanlı qətlə yetirilmişdi. Bolşevik daşnak birləşmələri “Kaspi” mətbəəsini, “Açıq söz” qəzetinin redaksiyasını, “İsmailiyyə” binasını yandırmış, “Təzəpir” məscidinin minarələrini top atəşi ilə zədələmişdilər. Daşnak-bolşevik hərbi birləşmələri Bakıdan sonra Qarabağın bölgələrində, həmçinin Şərqi Anadoluda, Cənubi Azərbaycanda da soyqırımları törətmişlər.
“Qarabağda baş verən qırğınlardan biri mənim doğulub boya-başa çatdığım və 30 il erməni işğalı altında qalan Cəbrayıl rayonunun indiki Xələfli kəndində (o zaman Cəbrayıl qəzasının Eyvatlı kəndi adlanırmış) baş verib. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin Fövqəladə İstintaq Komissiyasına aid olan bu sənəd Dövlət Arxivinin Xüsusi Fondlar Şöbəsində saxlanılır. Göstərilən sənədlərdə qeyd edilir ki, 1918-ci ilin qışında Cilan və Mülküdərə kəndlərindən onunla qonşu olan müsəlman Eyvatlı kəndinə silahlı erməni dəstələri hücum etmişlər. Onların açdığı atəş nəticəsində Eyvatlı kəndinin sakini Hüseyn Allahverdi oğlu qətlə yetrilmişdi. Bu zaman kənd sakinləri evlərini, mal-mülklərini və heyvanlarını başlı-başına buraxaraq hərə bir tərəfə qaçıb dağılışmışdı. Ermənilər Eyvatlı kəndini tamamilə çapıb-talamış, mal-qaranı isə sürüb aparmışlar. Hücum edən erməni silahlı dəstələri eyvatlıları qorxutmaq üçün hündürdən qışqırırmışlar: “qaçın, yoxsa hamınızı qıracağıq”. Kənd sakinləri Valeh Novruz oğlu və Nəsir Molla İsmayıl oğlu hücum edənlər arasında Cilan sakini Hayqa Arustamyanı və Markar Davidyanı tanımışlar.1920-ci il martın 28-də Gəncə Dairə Məhkəməsində A.B.Moskivinin hakimliyi və məhkəmə üzvləri N.Yatrjemski və Q.V.Lisenko, katib Z.M.Melkonov və prokuror M.L.Karişkovskinini iştirakı ilə məhkəmə üzvü Q.V.Lisenkonun “Cəbrayıl qəzasının Eyvatlı kəndinin talan olunması haqqında” məruzəsi dinlənilmişdi. Bu məruzə 1920-ci il martın 7-də hazırlanmışdı”, - deyə Ə.Zalov bildirib.

Elm və təhsil 2023-03-28 12:37:00