×
A
A
A
Sazlamalar

BMT-nin yeni təşəbbüsü gələcək pandemiyalarla mübarizəyə kömək edəcək

Bakı, 28 mart, AZƏRTAC

Birləşmiş Millətlər Təşkilatının (BMT) “Bir sağlamlıq” təşəbbüsünə qoşulan dörd agentliyinin – Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), BMT-nin Ətraf Mühit Proqramı (UNEP) və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) başçılarının birinci illik görüşü olub. Bu strukturların rəhbərləri BMT-nin “Bir sağlamlıq” adlı yeni təşəbbüsü çərçivəsində insan, heyvan və ətraf mühitin sağlamlığı sahəsində qlobal fəaliyyəti aktivləşdirmək çağırışı ilə çıxış ediblər.
AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, görüşdə beynəlxalq səhiyyə sahəsində COVID-19 pandemiyası, empoks (meymunçiçəyi), Ebola kimi bu yaxınlardakı fövqəladə vəziyyətlər və heyvandan keçmə digər xəstəliklərin hələ də qalan təhlükələri, ərzaq məhsullarının təhlükəsizliyi, mikrobəleyhinə preparatlara qarşı davamlılıq problemləri, eləcə də ekoloji sistemin pisləşməsi və iqlim dəyişikliyinin beynəlxalq və sektorlararası əməkdaşlığın və dayanıqlı səhiyyə sistemləri yaradılmasının vacib olduğunu əyani şəkildə nümayiş etdirdiyi vurğulanıb.
ÜST-nin başçısı Tedros Adhanom Qebreyesus, FAO-nun rəhbəri Syuy Dunyuy, UNEP-in icraçı direktoru İnger Andersen və ÜHST-nin başçısı Monik Elua öz bəyanatlarında “Bir sağlamlıq” yanaşmasına prioritet diqqət ayırmağın və onun icrası üçün maliyyənin təmin olunmasının vacibliyini vurğulayıblar.
Belə ki, vaxtında və effektli profilaktika, sağlamlığa təhdidin aşkarlanması, ona nəzarət və reaksiya verilməsi üçün sektorlararası təcrübə, potensial və imkanlara malik personalın inkişafına investisiya ayırmaq vacibdir.
Təşəbbüsün iştirakçıları hesab edirlər ki, “Bir sağlamlıq” yanaşması sağlamlığa təhdidlərin qarşısını almaqda kömək olacaq, onların mənbəyini, o cümlədən xəstəliklərin heyvandan insana keçməsi riski ilə bağlı problemləri həll edəcək.
“Bir sağlamlıq” təşəbbüsü çərçivəsində elmi biliklərin, tədqiqatların nəticələrinin, yeni layihələrin mübadiləsi və texnologiyaların ötürülməsi də nəzərdə tutulur.

Səhiyyə 2023-03-28 12:26:00