×
A
A
A
Sazlamalar

Mirzə Ələkbər Sabirin mərsiyə oxuduğu Şamaxılı məscidi

Sabirabad, 28 mart, Aydın Yavərzadə, AZƏRTAC

Sabirabad rayonundakı tarixi məscidlərdən biri də Şamaxılı məscididir. Ötən əsrdə, Şamaxı zəlzələsindən sonra Sabirabada köçən şamaxılılar tərəfindən inşa olunan məsciddə Mirzə Ələkbər Sabir də mərsiyələr söyləyib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Sabirabaddakı Şamaxılı məscidi 1900-cü ildə tikilib. Rayonun İsmət Qayıbov küçəsində yerləşən məscid düzbucaq formasındadır və kərpicdən inşa olunub. Kənd sakini Səidə Hüseynova bildirib ki, ibadət evi Şamaxıda baş vermiş zəlzələdən sonra Sabirabada köçən Şamaxı sakinləri tərəfindən inşa edilib: “Həmin vaxt Sabirabada köç edən şamaxılılar - Məşədi Qədir, Molla Kərbəlayi, Məşədi Sadıq, Kərim qardaşları sakinlərdən pul toplayaraq məscid tikdilər. Bu məscidin ilk axundu Molla Müseyb Şərifzadə, ilk azan verən isə babam İbadulla kişi olub”.
Sovet dövründə Şamaxılı məscidinin fəaliyyəti dayandırılıb. Bir müddət yataqxana kimi fəaliyyət göstərib, sonra yanğınsöndürmə dəstəsinə verilib. Hətta taxıl anbarı kimi də istifadə olunub. Sonradan məscidin fəaliyyəti bərpa edilib.
Şamaxılı məscidi ilə bağlı maraqlı məqamlardan biri də odur ki, Mirzə Ələkbər Sabir dəfələrlə bu məsciddə olub. Səidə Hüseynovanın sözlərinə görə, böyük satirik şairimiz Mirzə Ələkbər Sabiri sovet dövründə ateist şair kimi təqdim edirdilər. Amma əksinə, Mirzə Ələkbər Sabir hər il Məhərrəm ayında bu məscidə gəlib, mərsiyələr deyib. Onun xatirələri bu gün də yaşadılır...
Qeyd edək ki, məscid 2001-ci ildən yerli əhəmiyyətli tarixi abidə kimi qeydə alınıb və qorunur.

Regionlar 2023-03-28 12:14:34