×
A
A
A
Sazlamalar

Lənkəranda Çay fabriki qəsəbə tam orta məktəbin binası qəzalı vəziyyətdədir - FOTO

Lənkəran, 28 mart, İlkin Adıyev, AZƏRTAC

Lənkəran rayon şəhid H.Hüseynov adına Çay fabriki qəsəbə tam orta məktəbi yararsız vəziyyətdədir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yararsız sinif otaqları, çürüyən taxta döşəmələr, sınıq qapılar, aralanmış divarlar hər gün məktəb kollektivinin gördüyü mənzərədir…

Bu məktəb 1952-ci ildə istifadəyə verilib. Hazırda 181 şagird, 26 müəllim heyəti var.

Valideynlər məktəb binasının qəzalı vəziyyətdə olmasından, hər an uçmaq təhlükəsindən çox narahatdırlar.

Valideyn Əliyev Əsəddin: “Məktəb binasının vəziyyəti göz qabağındadır. Yağış yağan kimi uşaqlar siniflərdə otura bilmirlər. Çünki yağış suları tavandan siniflərə tökülür. Mənim altı nəvəm burada oxuyur. İnanın ki, hər gün qorxa-qorxa uşaqları məktəbə gətirirəm ki, hər an məktəb uça bilər. Məktəbin ayaqyolusu belə yoxdur. Ona görə də şəxsi vəsaitimiz hesabına ayaqyolu tikirik”.

Valideynlərin sözlərinə görə, məktəb ötən 70 ildə heç vaxt əsaslı təmir edilməyib. Ona görə də bina qəzalı vəziyyətə düşüb. Hər hansı bir fövqəladə vəziyyət baş versə, məktəbdə təhsil alan şagirdlərin və məktəbin müəllimlərinin həyatı üçün ciddi təhlükə yarana bilər.

“Xahiş edirəm, bizim məktəbə baxış keçirilsin. Uşaqlarımız qışda soyuqdan siniflərdə üst geyimi ilə otururlar. Siniflərə qablar düzürlər ki, yağış suyu içəri dolmasın. Buna baxmayaraq, fədakar müəllimlərimiz uşaqlarımızın təhsili üçün əllərindən gələni əsirgəmirlər. Ona görə də hər il azı beş şagirdimiz ali məktəbə qəbul olur”, - deyə valideyn Maral Məmmədova bildirib.

Məsələ ilə bağlı Lənkəran rayonu üzrə təhsil sektorunun müdiri Elman Rzayevlə əlaqə saxladıq. Çay fabriki tam orta məktəbin 1952-ci ildən uyğunlaşdırılmış binada fəaliyyət göstərdiyini və qəzalı vəziyyətdə olduğunu söyləyən Təhsil sektorunun müdiri yaxın zamanlarda yeni məktəb binasının tikilməsinin nəzərdə tutulduğunu söyləyib.

 

 

 

Regionlar 2023-03-28 10:53:47