×
A
A
A
Sazlamalar

Kiyev şəhəri İranın kamikadze dronlarının hücumuna məruz qalıb, dağıntılar var

Kiyev, 28 mart, AZƏRTAC

Martın 27-də axşam saatlarından başlayaraq Rusiya ordusu Ukraynanın paytaxtı Kiyev şəhərinə İran istehsalı olan kamikadze dronlarla hücum edib.
AZƏRTAC-ın xüsusi müxbirinin verdiyi məlumata görə, həyəcan siqnalı çalındıqdan sonra Kiyevdə silsilə partlayış səsləri eşidilib. Partlayış səsləri xüsusilə paytaxtın şimal hissəsində daha aydın eşidilib. Təxminən 5 güclü partlayış evlərin pəncərələrini sirkələyib.
Kiyev şəhər meri Vitali Kliçko partlayışları təsdiqləyib. O paytaxtın Obolon və Svyatoşin rayonlarında partlayışların olduğunu söyləyib. Artıq Svyatoşin rayonunda partlayış nəticəsində binada yanğın başlayıb, hadisə yerində xilasetmə işləri aparılır. Hələ ki ölən və xəsarət alanlar haqqında məlumat verilmir.
Ukrayna Hərbi Hava Qüvvələrinin spikeri Yuri İqnatın verdiyi məlumata görə, rus işğalçıları “Şahedlər”in köməyi ilə iki istiqamətdən Ukraynaya hücum ediblər.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Dünya 2023-03-28 01:58:00