×
A
A
A
Sazlamalar

BVF-nin rəhbəri: Qlobal maliyyə sabitliyi riskləri artıb

Bakı, 27 mart, AZƏRTAC

Beynəlxalq Valyuta Fondunun (BVF) idarəedici direktoru Kristalina Georgiyeva bildirib ki, qlobal bazarlarda qeyri-müəyyənlik yüksək olaraq qalır və maliyyə sabitliyi riskləri artıb.
AZƏRTAC xəbər verir ki, BVF-nin rəhbəri “2023 - Çin İnkişaf Forumu”nda çıxışında deyib: “Borc səviyyələrinin getdikcə artdığı bir dövrdə inflyasiya ilə mübarizə üçün zəruri olan və uzun müddət davam edən aşağı faiz dərəcələrindən daha yüksək dərəcələrə sürətli keçid qaçılmaz olaraq streslər və zəifliklər yaradır. Siyasətçilər maliyyə sabitliyi risklərinə cavab olaraq qətiyyətlə hərəkət etdilər və qabaqcıl iqtisadiyyatın mərkəzi bankları ABŞ dolları likvidliyinin təminatını artırdılar. Bu tədbirlər bazar stresini müəyyən dərəcədə azaldıb, lakin qeyri-müəyyənlik yüksəkdir ki, bu da sayıqlığı zəruri edir".
K.Georgiyeva vurğulayıb ki, dünyanın rəqib iqtisadi bloklara bölünməsinə səbəb ola biləcək "geoiqtisadi parçalanma" prosesi əlavə gərginlik yaradır. Onun sözlərinə görə, belə bir bölünmə insanları daha yoxsul və təhlükəli vəziyyətə sala bilər. “Bu səbəbdən qlobal iqtisadiyyat ortamüddətli perspektivdə zəif qalacaq”, -deyə o vurğulayıb.
Fondun rəhbəri bildirib ki, BVF bu il qlobal iqtisadi artımın 3 faizdən aşağı düşəcəyini gözləyir, çünki dünya üzrə bir çox mərkəzi bankların monetar sərtləşdirmələri iqtisadi fəaliyyətə təsir etməkdə davam edir. Onun sözlərinə görə, 2024-cü ilin daha yaxşı perspektivə malik olmasına baxmayaraq, gələn il qlobal artımın orta tarixi göstəricidən - 3,8 faizdən aşağı qalacağı proqnozlaşdırılır.

Maliyyə 2023-03-27 21:52:00