×
A
A
A
Sazlamalar

Alimlər “Oumuamua” kometasının sürətlənməsi səbəbini izah ediblər

Bakı, 27 mart, AZƏRTAC

Günəş sistemimizi ziyarət edən ilk ulduzlararası obyekt olan "Oumuamua" adlı qəribə kometa 2017-ci ildə müşahidə olunduqdan sonra heyrətamiz şəkildə sürətlənib və analoqu olmayan bu fenomen astronomlar tərəfindən tədqiq edilib.
AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, kometanın gözlənilməz davranışı onun yadplanetli kosmik gəmi ola biləcəyi ilə bağlı fərziyyənin irəli sürülməsi ilə nəticələnib. Yeni bir araşdırma isə daha məntiqli bir versiya təklif edib; “Oumuamua”nın sürətlənməsi onun günəş işığında isinməsi zamanı hidrogen qazının sərbəst buraxılması ilə əlaqədar olub. Bu göy cismi bir çox kometalara xas olan qaz və toz quyruğuna malik deyil. O, əvvəllər siqar şəklində təsvir edilirdi, lakin indi qayaya bənzəyən enli kökəyə bənzədiyi məlum olub. Bu kometanın təxmin ediləndən daha kiçik, təxminən 115 metr uzunluğunda və 19 metr qalınlığında olan göy cismi olduğu müəyyən edilib.
Tədqiqatçıların dediyinə görə, "Oumuamua” da bir çox digər kometalar kimi planetin formalaşmasının ilkin mərhələlərində əmələ gələn kiçik bir cisim, buzlu kosmik qaya kimi meydana gəlib. O, Günəş sistemindən uzaqlaşdıqdan sonra ulduzlararası kosmosdan keçərək kimyasını dəyişib. Belə ki, kometa buzunun bir hissəsini - donmuş suyu qalan hissəsində sıxılmış hidrogen qazına çevirib.
Kaliforniya Universitetinin astrokimyaçısı Cenni Berqnerin bu həftə “Nature” jurnalında dərc olunan tədqiqatında qeyd edilib: “Oumuamua” daxili Günəş sistemimizdən keçərkən qızdırıldı, bu da kometanın buz quruluşunun dəyişməsinə və sıxılmış hidrogen qazının sərbəst buraxılmasına səbəb oldu. Bu prosesin nəticəsində günəşdən uzaqlaşan kometanın sürəti xeyli artıb. Əsas tapıntı odur ki, "Oumuamua” Günəş sistemi kometalarına uyğun şəkildə geniş miqyasda bənzər su ilə zəngin buzlu planeti kimi yarana bilər. Bu model heç bir ekzotik fizikaya və ya kimyaya müraciət etmədən, onun qəribə davranışını izah edir. Ən sadə izahat və ulduzlararası kometa üçün gözlədiyimiz dəqiqlik heç bir incə tənzimləmə olmadan bütün məlumatlara uyğun gəlir".
Kornell Universitetinin astronomu, tədqiqatın həmmüəllifi Derril Seliqman bildirib ki, adı Havay dilində uzaq məsafədən gələn elçi mənasını verən “Oumuamua” ilk dəfə Havay Universitetinin “Pan-STARRS1” teleskopu tərəfindən aşkar edilib. "Biz onun yaranma yerini bilmirik, lakin bu kometa, yəqin ki, 100 milyon ildən az müddət ərzində ulduzlararası kosmosda səyahət edib. Günəş sistemindəki bir çox kiçik cisimlərin rənglərinə uyğun qırmızımtıl rəngə malik olan “Oumuamua” hazırda Neptun planetinin üzərindədir. Bu, Günəş sistemindən çıxış yoludur”, - deyə astronom əlavə edib.
Alimlər qeyd ediblər ki, ikinci ulduzlararası obyekt – “2I/Borisov” kometası 2019-cu ildə Günəş sistemimizi ziyarət edərkən kəşf edilib. Bu, daha çox tipik bir kometaya bənzəyirdi. Tədqiqatçılar bildiriblər ki, hazırda Çilidə tikilən yeni astronomik rəsədxana gələn il fəaliyyətə başlayır və onun sayəsində Günəş sistemimizdə hər il bir-iki ulduzlararası obyekt aşkarlana bilər.

Elm və təhsil 2023-03-27 19:30:00