×
A
A
A
Sazlamalar

BQXK-nın altı avtomobili Xankəndiyə geri dönüb

Şuşa, 27 mart, Elmir Səftərov, AZƏRTAC

Ekoaksiyanın iştirakçıları martın 27-də Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin Laçından Xankəndi istiqamətinə maneəsiz keçidinə şərait yaradıblar.
AZƏRTAC xəbər verir ki, bu dəqiqələrdə Laçından Xankəndiyə doğru hərəkət edən BQXK-ya məxsus dörd yük və iki minik avtomobilin aksiya keçirilən ərazidən sərbəst hərəkəti təmin olunub.
Qeyd edək ki, bu gün BQXK-nın iki minik avtomobili səhər saatlarında Xankəndidən Laçına getmişdi. Dörd yük avtomobilinin isə dünən Laçın istiqamətinə sərbəst hərəkəti təmin edilmişdi.
Bu da Laçın-Xankəndi yolunda humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyətin olmadığını göstərir.
Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar.

Siyasət 2023-03-27 19:23:00