×
A
A
A
Sazlamalar

İƏT Kopenhagendə Qurani-Kərimin yandırılmasını pisləyən bəyanat yayıb

Bakı, 27 mart, AZƏRTAC

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibliyi martın 24-də Danimarkanın paytaxtı Kopenhagendə iki fərqli yerdə müqəddəs Qurani-Kərimin nüsxələrinin yandırılması ilə bağlı son təxribat xarakterli hərəkətləri kəskin şəkildə pisləyib.
Təşkilatın Baş katibliyindən AZƏRTAC-a bildiriblər ki, İƏT-in bəyanatında eyni fərdi və ifrat sağ qruplar tərəfindən ifadə azadlığı adı altında törədilən bu cür təxribatların İslam və müsəlmanları hədəf alan nifrət və dözümsüzlük yaymaq məqsədi daşıdığı qeyd edilib.
İƏT-in Baş katibliyi Danimarka hökumətini bu nifrət cinayətlərini törədənlərə qarşı lazımi tədbirlər görməyə və gələcəkdə bu cür təxribatların qarşısını almağa çağırıb.
Qeyd edək ki, martın 20-də danimarkalı ifrat sağçı siyasətçi və müsəlmanlara qarşı çıxışlar edən Rasmus Pauldan Türkiyənin Kopenhagendəki səfirliyinin önündə Qurani-Kərimin nüsxəsini yandırmışdı. Onun bu təxribatı Türkiyə ilə Danimarka arasında gərginliyə səbəb olmuşdu.

Cəmiyyət 2023-03-27 16:31:00