×
A
A
A
Sazlamalar

Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin təsis yığıncağına ciddi hazırlıq gedir

Bakı, 27 mart, AZƏRTAC

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin iclası keçirilib.
AQC-nin İctimaiyyətlə əlaqələr departamentindən AZƏRTAC-a bildirilib ki, iclasda qurumun sədri Vüqar Orucun məruzəsi dinlənilib. Qurumun fəaliyyət istiqamətləri barədə danışan sədr qeyd edib ki, “Daşınmaz əmlakın növləri üzrə” növbəti sertifikatlaşdırma kursu təşkil olunub. Onlarla iştirakçının qatıldığı sertifikasiya imtahanında 6 iştirakçı müvəffəqiyyət qazanıb, 6 qiymətləndiricinin isə sertifikatları yenilənib.
AQC sədri vurğulayıb ki, Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin Təşkilat Komitəsi fəaliyyətə başlayıb. Bununla bağlı qərar onlayn toplantıda qəbul edilib: “Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin təsis olunması ilə bağlı razılaşma Türkiyə Dəyərləmə Uzmanları Birliyinin rəhbəri Yaşar Bahçeci, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc, Qazaxıstan Qiymətləndiricilər Birliyinin sədri Askar Omerbekov, Özbəkistan Qiymətləndiricilər Cəmiyyətinin sədri Nərgizə Mirzərəhimova, Qırğızıstan Qiymətləndiricilər İttifaqının sədri Sovetbek Zakirov tərəfindən əldə olunub. Türkmənistan Qiymətləndiricilər Cəmiyyəti tamhüquqlu, Şimali Kipr Türk Cümhuriyyəti Dəyərləmə Uzmanları Birliyinin isə müşahidəçi üzv qismində Türk Dövlətləri Qiymətləndiriciləri Birliyində təmsil olunmaq qərarını elan ediblər”.
Qazaxıstan Banklar Assosiasiyasının vitse-prezidenti və Qiymətləndirmə Palatasının nümayəndəsi Marat Baitokovun və özünün Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin koordinatorları seçildiyini söyləyən V.Oruc yaxın aylarda birliyin təsis yığıncağının keçiriləcəyini diqqətə çatdırıb. Əlavə edib ki, Türk dünyası qiymətləndiriciləri arasında faydalı və qarşılıqlı münasibətlərin qurulması, birgə fəaliyyət mexanizminin təşviqi, vahid məlumat bazasının yaradılması, təcrübə mübadiləsinin təşkili, habelə Türk dünyası dövlətləri arasında inteqrasiyanın təmin olunması istiqamətində fəaliyyət göstərəcək birliyin təsis yığıncağına ciddi hazırlıq gedir.
Vüqar Oruc AQC sədrinin müşaviri Azər Niftiyevi qurumun İcra Aparatının rəhbəri təyin etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, İcra Aparatı cəmiyyətin fəaliyyətinin təşkili, hüquqi və analitik-informasiya təminatını həyata keçirəcək. İcra Aparatında 9 üzvün təmsil edildiyini deyən sədr üzvlərdən beşinin qiymətləndirmə şirkətlərinin rəhbərləri olduğunu bildirib. AQC sədri Vüqar Orucun İcra Aparatının tərkibi ilə bağlı təyinatları İdarə Heyəti tərəfindən yekdilliklə təsdiq edilib. Azər Niftiyev İcra Aparatının rəhbəri, İlham Bağırov, Emil Mahmudov, Nail Həşimov, Elmar Aşurov, Rüfət Əliyev, Aygün Hüseynova, Kəmalə İsmayılova və Ziya Mustafayev İcra Aparatının üzvləri təyin olunub.
Cəmiyyətin gələcək fəaliyyət istiqamətləri ilə bağlı müzakirələrin aparıldığı iclasda İdarə Heyəti üzvlərinin məruzələri və təklifləri dinlənilib, AQC-nin beynəlxalq əlaqələrinin inkişafına yönəlik fəaliyyətin artırılması qərara alınıb.

İqtisadiyyat 2023-03-27 16:24:00