×
A
A
A
Sazlamalar

“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 425 kiloqram işlənmiş batareya toplanıb

Bakı, 26 mart, AZƏRTAC
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində "Lankaran Springs Wellness Resort" oteli tərəfindən 63 kiloqram işlənmiş batareya təhvil verilərək "Təhlükəli Tullantılar" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nazirlik “Qırmızı Ürəklər” Fondu tərəfindən 2022-ci ilin may ayında start verilmiş layihə çərçivəsində bu günədək 425 kiloqram işlənmiş batareya toplanıb.
Layihənin məqsədi insan sağlamlığına zərər verən, ətraf mühiti çirkləndirən istifadəyə yararsız elektrik batareyaların toplanaraq çeşidlənməsi və xüsusi şəraitdə zərərsizləşdirilməsidir.
Nazirlik hər kəsi tullantıların çeşidlənməsi qaydalarına riayət etməyə, təhlükəli və istifadəyə yararsız batareyaların məişət tullantılarına qarışdırılmasına yol verməməyə və batareyalar üçün ayrılan xüsusi qutulardan istifadə etməyə çağırır.

Ekologiya 2023-03-26 19:41:00