×
A
A
A
Sazlamalar

Tərtərdə “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda elmi-praktiki konfrans keçirilib

Tərtər, 25 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
Tərtərdə “Heydər Əliyev ili” çərçivəsində əslən Tərtər rayonundan olan görkəmli ziyalıların və elm xadimlərinin iştirakı ilə “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda elmi-praktiki konfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini və “Şəhidlər” Abidə Kompleksini ziyarət ediblər.
Tərtər Rayon İcra Hakimiyyətinin akt zalında davam etdirilən tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Konfransda çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, azərbaycançılıq təkcə Azərbaycan Respublikasında yaşayan etnik azərbaycanlıları və ya etnik xalqları deyil, eyni zamanda, harada yaşamasından və hansı ölkə vətəndaşı olmasından asılı olmayaraq bütün dünyada yaşayan azərbaycanlıların milli-mənəvi dəyərlərini ifadə edən bir məfkurədir. Eləcə də milli mənsubiyyət və dinindən asılı olmayaraq Azərbaycana mənən və fiziki bağlı olan, onun nüfuzunu uca tutan hər bir insan azərbaycançılıq ideologiyasının yaşadanına çevrilir. Vurğulanıb ki, Ulu Öndərin yürütdüyü siyasət nəticəsində azərbaycançılıq ideyası dövlət ideologiyasına çevrilib.
Diqqətə çatdırılıb ki, Ümummilli Lider Heydər Əliyev ağıllı, bilikli, güclü, öz dövlətini sevən, onu qorumağı, yaşatmağı və bütün dünyada layiqincə təmsil etməyi bacaran, milli adət-ənənələrinə sadiq olan, ana dilini, milli mədəniyyətimizi dərindən öyrənən, eyni zamanda, bəşəri dəyərləri mənimsəyən bir gənclik yetişdirmək istəyirdi. Ümummilli Liderin ideyalarının Prezident İlham Əliyev tərəfindən davam və inkişaf etdirilməsi nəticəsində belə bir nəsil yetişdi və Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etdi.
Konfransda Milli Məclisin deputatı Sahib Alıyev, akademik Vaqif Abbasov, Xalq şairi Vahid Əziz, ehtiyatda olan polkovnik-leytenant, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl, tarix elmləri doktoru, Əməkdar müəllim Vəkil Həsənov və başqaları çıxış ediblər. Şairə Səidə Əşrəfqızı Ulu Öndərə həsr etdiyi şeiri oxuyub.
Çıxışlarda vurğulanıb ki, Ulu Öndər Heydər Əliyev müasir azərbaycançılıq ideologiyasının – dövrün, zamanın tələblərini, dövlətçiliyin əsaslarını, milli-etnik şəraiti nəzərə alan milli təlimin banisidir. Çünki azərbaycançılıq ideologiyası məhz Ulu Öndərin dövründə həqiqi siyasi-ideoloji məzmun alaraq mükəmməl bir təlimə çevrildi və müstəqil dövlət ideologiyası səviyyəsinə qaldırıldı.
Sonda Tərtər rayonundan olan elm adamlarına rayon icra hakimiyyətinin fəxri fərmanları və xatirə hədiyyələri təqdim edilib.

Regionlar 2023-03-25 21:30:00