Rasionda tərəvəzlərin müxtəlifliyinin genişləndirilməsi orqanizmin xəstəliklərdən müdafiəsini artıra bilər
Bakı, 25 mart, AZƏRTAC
Heç bir şübhə yoxdur ki, tərəvəzlər sağlam qidanın əsasını təşkil edir, lakin onların miqdarı və müxtəlifliyi məsələsi mühümdür. Diyetoloq Vasilisa Ponomaryovanın sözlərinə görə, uzun ömür üçün meyvə və tərəvəzlərin daha çox müxtəlifliyi lazımdır. Ekspert bağırsağın sağlamlığının, immunitetin və əhvali-ruhiyyənin yaxşılaşdırılması üçün həftə ərzində azı 30 müxtəlif bitki əsaslı ərzaqlar qəbul etməyi məsləhət görür.
AZƏRTAC bu barədə “MedikForum” saytına istinadla xəbər verir.
Diyetoloq-həkim deyib: “Sağlam qidalanma – xəstəliklərlə mübarizə aparmaq və insan həyatını uzatmaq üçün əlimizdə olan ən yaxşı vasitədir. Qızıl qayda ondan ibarətdir ki, hər həftə rasiona 30-dək müxtəlif bitki əsaslı ərzaqlar daxil olunsun. Duzu azaltmaq, doymuş yağların qəbuluna nəzarət etmək və alkoqolun tövsiyə olunan hədd çərçivəsində qəbulu da çox əhəmiyyətlidir”.
Bitki əsaslı qida antioksidantlarla zəngindir, bu maddələr oksidləşdirici stresin qarşısını almağa imkan verir. Meyvə, tərəvəz, paxlalılar, dənli bitkilər, qoz-fındıq kimi bitki əsaslı ərzaqlar qiymətli vitaminlər, minerallar, həll olunan lifli maddələr qarışığı və faydalı bitki əsaslı birləşmələrlə zəngindir.
Əhalinin hər həftə rasiona balıq əlavə etməsi də tövsiyə olunan miqdara uyğun deyil. Ağ və yağlı balıq əla zülal mənbəyidir və A, D kimi çoxlu müxtəlif vitaminlərlə, eləcə də kalsium, sink, dəmir və yod kimi minerallarla zəngindir. Çoxumuzun orqanizmi bu maddələri lazımi qədər qəbul etmir.
“Yağlı balıq da (qızılbalıq, skumbriya, alabalıq, sardina) omeqa-3 yağları adlandırılan uzunzəncirli yarıdoymamış yağlarla zəngindir. Bu maddələr ürəyin normal fəaliyyətini və normal qan təzyiqini dəstəkləyir”, - deyə doktor vurğulayır.
Acqarına yeyilməsi narahatlıq doğuran qidalar
Musiqi dinləmək bir sıra xəstəliklər zamanı orqanizmə rahatlıq gətirir
Çin duzundan istifadə edilməsi asılılıq yaradır
Xərçəng hüceyrələrinin inkişafını dayandırmağa qadir olan ərzaqlar
Ərik arterial təzyiqi və ürək ritmini tənzimləməyə kömək edir