×
A
A
A
Sazlamalar

Afrikada elektrik enerjisi böhranı dərinləşib

Bakı, 25 mart, AZƏRTAC

Afrikanın 54 ölkəsinin bir çoxunu narahat edən elektrik enerjisi çatışmazlığı qitənin iqtisadi artımına ciddi ziyan vurur. AZƏRTAC “African economy” jurnalına istinadla xəbər verir ki, bu barədə enerji ekspertləri xəbərdarlıq edir.
Son illərdə Cənubi Afrika Respublikasının (CAR) enerji istehsalı o qədər qeyri-adekvat olub ki, qitənin ən inkişaf etmiş iqtisadiyyatı gündəlik 8-10 saat elektrik enerjisi kəsintisinin öhdəsindən gəlmək məcburiyyətindədir. Afrikanın genişlənən şəhərlərində qeyri-sabit elektrik təchizatı var, qitənin kənd yerlərinin böyük əksəriyyətində isə elektrik enerjisi ümumiyyətlə yoxdur. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, 2021-ci ildə afrikalıların 43 faizi - təxminən 600 milyon insan elektrik enerjisindən məhrum olub.
Dünya Bankının hesablamalarına görə, Afrikanın Sub-Səhra regionunda universal elektrikləşməyə nail olmaq üçün hər il təxminən 20 milyard dollar investisiya tələb olunur. Bu rəqəmin təxminən 10 milyard dolları hər il Qərbi və Mərkəzi Afrikaya elektrik xətləri çəkmək üçün lazımdır.
Yohannesburqdakı Vitvotersrand Universiteti Biznes Məktəbinin enerji eksperti Endryu Lourensin fikrincə, köhnə infrastruktur, hökumət nəzarətinin olmaması və milli şəbəkələri saxlamaq üçün bacarıq çatışmazlığı da daxil olmaqla, Afrikada elektrik enerjisi təminatında çox ciddi problemlər var. Tarixi problem ondan ibarətdir ki, bir çox müstəmləkə rejimləri əsasən azlıqda olan ağdərili əhali üçün nəzərdə tutulmuş və qaradərili yerli əhalinin böyük hissəsini əhatə etməyən elektrik sistemləri qurub.
Son iki ildə Qərb ölkələri tərəfindən maliyyələşdirilən “Ədalətli enerji transformasiyası” layihəsi Afrika ölkələrində daş kömürdən istifadəni azaltmağı nəzərdə tutur. Bu layihədə bərpa olunan, ekoloji cəhətdən təmiz enerji mənbələri hesabına elektrik enerjisi istehsalına böyük vəsait ayrılması planlaşdırılır. Bununla yanaşı, hazırda qitə ölkələrinin ən böyük problemi ucqar kəndlərə elektrik xətlərinin çəkilməsi, XXI əsrdə əhalinin böyük hissəsinin elektrik enerjisi ilə təmin edilməsidir. Qərb dövlətləri elektrik enerjisinin 80 faizini daş kömür hesabına istehsal edən CAR-a bərpa olunan enerji mənbələrindən istifadə məqsədilə 8,5 milyard dollar ayırmağı vəd ediblər. Mütəxəssislərin fikrincə, daş kömürdən asılı olan CAR istixana qazlarını ən çox emissiya edən ilk 20 ölkə sırasında yer alır. Bu, Afrikanın bütün emissiyalarının təxminən üçdəbirini təşkil edir.
Şərqi Afrika ölkəsi Uqanda da elektrik enerjisi istehsalına böyük sərmayə qoymasına baxmayaraq, illərdir elektrik kəsintisi ilə mübarizə aparır. Ekspertlərin fikrincə, Afrikanın ən sıx məskunlaşdığı ölkə olan Nigeriya uzun illərdir ki, qeyri-adekvat enerji təchizatı ilə mübarizə aparır və sadəcə 4,000 meqavat enerji istehsal edir. Halbuki, bu ölkədə 210 milyondan çox insanın 30,000 meqavat elektrik enerjisinə ehtiyacı var. Neftlə zəngin, lakin enerji baxımından kasıb olan Qərbi Afrikanın bu ölkəsi enerji sektoruna sərmayələri artırıb, lakin endemik korrupsiya və yanlış idarəetmə bu sahədə uğurları heçə endirib. Zimbabvedə isə ən böyük bənd olan Karibada su səviyyəsinin aşağı olması səbəbindən elektrik istehsalı xeyli azalıb. Ardıcıl quraqlıqlar Kariba gölünün səviyyəsini o qədər aşağı salıb ki, Zimbabveni elektrik enerjisinin təxminən 70 faizini təmin edən və 1050 meqavat gücündə olan Kariba Cənub Su Elektrik Stansiyası hazırda cəmi 300 meqavat enerji istehsal edə bilir.
Dünya Bankının bildirdiyinə görə, Nigeriyadakı müəssisələr elektrik enerjisi çatışmazlığı nəticəsində illik 29 milyard dollar itkiyə məruz qalır, əsas xidmətlərin təminatçıları tez-tez generatorlar üzərində əməliyyatlarını davam etdirmək üçün mübarizə aparırlar. Qitənin digər ölkələrində də sənaye müəssisələri, kiçik və orta sahibkarlar ciddi problemlərlə üzləşiblər.
Bu yaxınlarda Keyptaunda keçirilən konfransda Afrika ölkələrinin liderləri bu çərin vəziyyətdən çıxış yollarını müzakirə ediblər. Onlar qərara gəliblər ki, yeganə çıxış yolu bərpa olunan enerji mənbələrindən istifadədir. Bu məqsədlə inkişaf etmiş ölkələr və beynəlxalq maliyyə qurumları ilə danışıqlar aparılacaq. Bununla belə, ekspertlər bildirirlər ki, uzun illər qitə ölkələrinin əsas elektrik enerjisi istehsalı mənbəyi daş kömür olacaq.
Şimali Afrikada isə Efiopiyanın Nil çayı üzərində inşa etdiyi nəhəng su bəndi bu ölkənin Misir və Sudanla münasibətlərində böyük gərginlik yaradıb. Efiopiyanın Baş naziri Əhməd Abi bildirib ki, onun ölkəsində əhalinin 55 faizi elektrik enerjisindən məhrumdur və yeni bənd hesabına istehsal olunacaq enerji bu dərin böhrandan çıxmağa kömək edəcək.

Dünya 2023-03-25 17:37:00