×
A
A
A
Sazlamalar

Uzun fasilədən sonra Gürcüstanın Qabal kəndində Novruz bayramı qeyd olunub

Tbilisi, 25 mart, AZƏRTAC

Uzun fasilədən sonra Gürcüstanın Laqodexi rayonunun Qabal kəndində Novruz bayramı təntənəli şəkildə qeyd olunub. Qabal kəndində təşkil olunan bayram şənliyində sakinlərlə yanaşı Laqodexi bələdiyyəsinin meri Condo Mdivnişvili, bələdiyyə məclisinin sədri Kaxa Camburia və digər rəsmi şəxslər iştirak ediblər.
İcma üzvü, fəal gənc Elvin Tağıyev AZƏRTAC-a bildirib ki, uzun illər idi ki, Qabalda Novruz bayramı təşkil olunmurdu. Fərdi qaydada bu bayramı öz evində qeyd edirdi. Lakin bu il Qabal və ətraf 3 kəndin - Uzuntala, Gəncəli və Qaracalar kəndlərinin əhalisinin iştirakı ilə təntənəli bayram təşkil olunub.
Tədbirdə Condo Mdivnişvili və bələdiyyə məclisinin sədri Kaxa Camburia azərbaycanlı icmasını Novruz bayramı münasibətilə təbrik edib, bu gözəl bayramı qeyd edən vətəndaşlara sülh, əmin-amanlıq və bərəkətli ömür arzulayıblar.
Tədbirdə bayram tonqalı alovlandırılıb.
Sonra azərbaycanlı və gürcü musiqiçilər maraqlı konsert proqramı ilə çıxış ediblər.
Bayram gününün ənənəvi güləş turniri də təşkil olunub. Azərbaycanlılarla yanaşı etnik gürcü və osetin pəhləvanlar da güclərini sınayıblar.
Qaliblərə mükafatlar təqdim olunub.
Qeyd edək ki, Tbilisidən 154 kilometr uzaqlıqda yerləşən Laqodexinin 50 minə qədər əhalisi var. Onların da 15 mindən çoxu qədim Oğuz yurdu olan Qabal kəndində, Gəncəli, Qaraçalar və Uzuntala kəndlərində məskunlaşmışlar.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Mədəniyyət 2023-03-25 15:54:00