×
A
A
A
Sazlamalar

BNA mərhələli şəkildə müvafiq yol nişanlarının quraşdırılmasına başlayıb

Bakı, 25 mart, AZƏRTAC
Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması, nəqliyyat axınlarının effektiv idarəolunması məqsədilə 14 yol sahəsində sürət hədlərinin endirilməsi ilə bağlı təkliflər hazırlanıb və Baş Dövlət Yol Polisi İdarəsi ilə razılaşdırılıb.
BNA-dan AZƏRTAC-a bildirilib ki, sözügedən yol sahələrində mərhələli şəkildə müvafiq yol nişanlarının quraşdırılmasına başlanılıb. Maksimum sürət həddini göstərən yol nişanları ilk olaraq Heydər Əliyev prospekti, Mərdəkan şosesi-Zuğulba yolu, Mikayıl Əliyev prospekti və Bibiheybət yollarında quraşdırılır.
Qeyd edək ki, statistikalar paytaxt ərazisində baş verən yol nəqliyyat hadisələrinin əsas səbəblərindən birinin də yüksək sürət həddi olduğunu göstərir. Avtomobil yollarında icazə verilən sürət hədlərinin optimallaşdırılması Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiqlənib və “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda da öz əksini tapıb.

Nəqliyyat 2023-03-25 14:24:00