×
A
A
A
Sazlamalar

Qazaxıstan neftinin növbəti partiyasını çatdıracaq “Şuşa” tankeri martın 27-də Aktaudan yola çıxacaq

Bakı, 25 mart, AZƏRTAC

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə tranzitinə başlayıb. “Tengiz” yatağından hasil edilən Qazaxıstan neftinin ilk partiyası martın 23-də “Prezident Heydər Əliyev” tankeri ilə Aktau limanından Azərbaycanın Səngəçal terminalına çatdırılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Midstream Operations” MMC yayıb.
Qazaxıstan neftinin BTC ilə nəqli SOCAR və “KazMunayQaz” şirkəti arasında ildə 1,5 milyon ton neftin tranzitini nəzərdə tutan saziş çərçivəsində həyata keçirilir. 2023-cü ilin sonuna kimi Xəzər dənizi ilə ayda 12-14 tanker reysinin həyata keçirilməsi planlaşdırılır. Qazaxıstan neftinin növbəti partiyasını çatdıracaq “Şuşa” tankeri Aktau limanından martın 27-də yola düşəcək.
SOCAR Qazaxıstan neftini BTC-yə qəbul etmək üçün 2022-ci ildə Səngəçal terminalının ərazisində toplayıcı boru kəmərləri şəbəkəsinin yenilənməsi istiqamətində mühüm layihələr həyata keçirib. Bu layihələr BTC-nin ötürmə gücündən istifadə səviyyəsini artırıb.
Qeyd edək ki, BTC vasitəsilə Azərbaycandan “Azəri-Çıraq-Günəşli” nefti və “Şahdəniz” kondensatı, eləcə də digər mənbələrdən xam neft və kondensat həcmləri nəql olunur. BTC-nin hazırkı ötürmə gücü gündə 1,2 milyon barel və ya ildə 50 milyon ton təşkil edir. 1768 kilometr uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2022-ci ilin sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 531 milyon tondan çox (3,99 milyard barel) xam neft nəql edilmiş və Ceyhanda 5244 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir. Bu il yanvarın 18-də BTC 4 milyard barel neft ixracını qeyd edib.

Neft - qaz 2023-03-25 11:14:00