×
A
A
A
Sazlamalar

“Yer saatı 2023” aksiyasına bir gün qalır

Bakı, 24 mart, AZƏRTAC

Sabah “Yer saatı” beynəlxalq kampaniyasının Azərbaycan üzrə rəsmi əlaqələndiricisi olan IDEA İctimai Birliyinin və Dünya Vəhşi Təbiət Fondunun Azərbaycan nümayəndəliyinin (WWF Azerbaijan) birgə təşkilatçılığı, “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin dəstəyi ilə kütləvi aksiya təşkil ediləcək.
AZƏRTAC xəbər verir ki, “Yer saatı” dünyada ətraf mühitə həsr olunmuş ən böyük hərəkat olaraq, milyonlarla insanı iqlim dəyişikliyinin dayandırılması uğrunda səfərbər edir. 2007-ci ildə Avstraliyanın Sidney şəhərində adi bir işiqların kütləvi söndürülməsi aksiyası kimi başlanmış “Yer saatı” kampaniyası dünyanın əksər ölkələrində, minlərlə şəhərlərdə qeyd edilir. Hər il mart ayının son şənbə günündə qeyd olunan "Yer saatı" aksiyaları zamanı böyük şəhərlərdəki məşhur binaların fasad işıqları yerli vaxtla saat 20.30-da bir saatlıq söndürülür.
Kampaniya çərçivəsində martın 25-də saat 20:00-da Bakının Nərimanov rayonunda yerləşən Dədə Qorqud parkında "Yer saatı 2023" kütləvi aksiyası keçiriləcək. Aksiya zamanı flaşmoblar, hədiyyəli eko müsabiqələr, fasiləsiz musiqi və s. əyləncələrin təşkil olunması nəzərdə tutulur.
“Söndür. Planetimizə bir saat ayır” şüarı altında keçiriləcək “Yer saatı 2023” aksiyası zamanı bütün dünyada biganə qalmayan insanlar iqlim dəyişikliyinə qarşı birləşəcək, qlobal temperatur artımının 1,5°C-dən aşağı səviyyədə saxlanması hədəfi qarşısında həmrəylik nümayiş etdirəcəkdir.
“Yer saatı” kampaniyasının təşkilatçıları hər kəsi martın 25-də saat 20.30-da işıqları 60 dəqiqəlik söndürməklə aksiyaya qoşulmağa və planetimizə bir saat vaxt ayırmağa, ekoloji problemlərin həlli uğrunda səylərini əsirgəməməyə çağırır.

Cəmiyyət 2023-03-24 14:33:00