×
A
A
A
Sazlamalar

Fransa birmənalı şəkildə qırmızı xətti keçib – Politoloq

Bakı, 23 mart, AZƏRTAC

Heç kimə sirr deyil ki, Fransanın Prezidenti Emmanuel Makron və xarici işlər naziri Katrin Kolonna, eyni zamanda, ölkə parlamentinin bir çox üzvü açıq-aşkar ermənilərin müdafiəsi ilə məşğuldur. Belə olan təqdirdə, onların nəinki Laçın dəhlizi ilə, ümumiyyətlə, Azərbaycanla Ermənistan arasında baş verənlərlə bağlı fikir yürütmək haqları və hüquqları yoxdur. Laçın dəhlizi, əslində, Qarabağdakı mülki şəxslərin Ermənistana gediş-gəlişi üçün açıqdır. Orada yalnız erməni hərbi texnikalarının giriş-çıxışına məhdudiyyət qoyulub. Bir məsələ də aydındır ki, ermənilər Laçının əsas yolundan kənarda - torpaq yolla silahların daşınması ilə məşğuldurlar. Müdafiə Nazirliyi bununla bağlı videokadrları dəfələrlə beynəlxalq ictimaiyyətə təqdim edib. Təəssüf ki, yenə də ikili standartlar nümayiş etdirilir və buna heç bir reaksiya verilmir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri, politoloq Zaur Məmmədov söyləyib.
Politoloq fikirlərinə belə davam edib: "Hazırda Laçın dəhlizi humanitar məqsədlər üçün açıqdır. Fransanın Avropa və xarici işlər naziri Bakıya bununla bağlı heç bir tələblə gələ bilməz. Digər tərəfdən, Laçın dəhlizi Azərbaycanın daxili işidir. Ümumiyyətlə, həmin yolun dəhliz olması heç bir hüquqi sənəddə əks olunmayıb. Azərbaycanın belə bir dəhlizlə bağlı öhdəliyi yoxdur. Azərbaycan öz ərazisində istədiyi addımı ata bilər. Fransa birmənalı şəkildə qırmızı xətti çoxdan keçib. Bu ölkə Cənubi Qafqazdakı proseslərə tez-tez müdaxilə etmək istəyir və istəyəcək. Lakin ölkəmiz tərəfindən buna imkan verilməyəcək. Azərbaycan Fransanı ATƏT-in Minsk qrupundakı rolundan faktiki olaraq kənarlaşdırıb. Yarıtmaz fəaliyyəti ilə yadda qalan Minsk qrupunu kənara atan Azərbaycan əlbəttə ki, bu addımı ilə öz mövqeyini sərt şəkildə bəyan edib".

Siyasət 2023-03-23 19:08:00