×
A
A
A
Sazlamalar

Məcburi köçkünlərin öz yurdlarına qayıdışının üçtərəfli Bəyanatın pozuntusu kimi qələmə verilməsi qəbuledilməzdir

Bakı, 23 mart, AZƏRTAC
Ermənistanın etnik təmizləmə siyasətinin qurbanı olmuş keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışının Azərbaycan tərəfindən üçtərəfli Bəyanatın pozuntusu kimi qələmə verilməsi qəbuledilməzdir. Eynilə, Ermənistan tərəfinin özünü Azərbaycanın erməni sakinlərinin “hüquq müdafiəçisi” kimi təqdim etməyə heç bir mənəvi haqqı yoxdur.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan hökumətin iclası zamanı ölkəmizə qarşı səsləndirdiyi növbəti əsassız iddialarla bağlı yerli medianın suallarını cavablandırarkən söyləyib.
A.Hacızadə, həmçinin qeyd edib: “Həm öz ərazisində, həm də 30 il müddətində işğal altında saxladığı şəhər və kəndlərdə azərbaycanlılara məxsus mülkləri dağıtmaqla yanaşı, bu ərazilərə erməniləri qanunsuz şəkildə köçürən Ermənistanın Azərbaycanın öz suveren ərazilərində və tarixi torpaqlarında məskunlaşma həyata keçirməsinə qarşı çıxması absurddur. Bu bəyanat, həmçinin Ermənistanın dönə-dönə istinad etdiyi Praqa və Soçi razılaşmaları ilə də birbaşa ziddiyyət təşkil edir”.

Siyasət 2023-03-23 17:54:41