×
A
A
A
Sazlamalar

Fransanı etiraz nümayişləri bürüyüb

Paris, 23 mart, AZƏRTAC

Fransada pensiya islahatı qanun layihəsinin qəbul edilməsi ilə bağlı etiraz nümayişləri səngimək bilmir. Bu gün ölkədə ümumi səfərbərlik elan edilib. Bir çox mühüm obyektlərdə tətillər davam edir.

AZƏRTAC xəbər verir ki, vətəndaşlarla razılaşdırmadan hökumətin yeni pensiya islahatı qanununu qəbul etməsinə fransızların qəzəbi getdikcə daha da artır. Ölkədə həmkarlar ittifaqlarının (CFDT, CGT, FO, CFE-CGC, CFTC, UNSA, Solidaires, FSU) tətil çağırışına bir çox mətbuat orqanları da qoşulub. Radio və televiziya yayımı, eləcə də internet səhifələrinin fəaliyyəti dayanıb. Prezident Emmanuel Makron televiziya vasitəsilə yeni pensiya islahatının qəbul edilməsinə peşman olmadığını deyib. Bildirib ki, mübahisəli pensiya islahatı ilin sonunadək tətbiq ediləcək. Onun bu fikri xalqın qəzəbini daha da intensivləşdirib. Fransanın şəhərlərində nümayişçilər pensiya islahatları ilə hökumətin onları radikallaşdırdığını bildiriblər.

Bu gün bütün ölkə ərazisində insanlar etiraz nümayişinə çıxıblar. Aeroportlar kerosin çatışmazlığı ilə üzləşiblər. İctimai nəqliyyat isə tamamilə pozulub. Bir çox şəhərlərdə etirazçılar nümayişi gecə saatlarında da davam etdirirlər. Bu gün bütün şəhərlərdə yerli vaxtla saat 14-də etiraz nümayişləri başlayır.

Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris

Dünya 2023-03-23 16:21:00