×
A
A
A
Sazlamalar

Sofiyada Novruz bayramı və Beynəlxalq Poeziya Günü qeyd edilib

Bakı, 23 mart, AZƏRTAC

Bakı Slavyan Universitetinin Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin və Sofiya Şəhər Bələdiyyəsinin “Lülin” Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Novruz, yaz gecə-gündüz bərabərliyi və Beynəlxalq Poeziya Gününə həsr edilən tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a Sofiya Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzindən məlumat verilib. Bildirilib ki, tədbiri açan “Lülin” Mədəniyyət Mərkəzinin rəhbəri Yordanka Kostova martın 21-də Beynəlxalq Poeziya Gününün, yaz gecə-gündüz bərabərliyinin və Novruz bayramının qeyd edildiyini və bu gün qonaqlara hər üç bayrama həsr olunan şeir və rəqslərin təqdim ediləcəyini bildirib. O, bolqarların Blaqovets bayramı haqqında danışıb, bu bayramın təbiətin canlanması ilə bağlı olduğunu bildirərək Azərbaycanın Novruz bayramı ilə yaxın olduğunu deyib. Y.Kostova bu il “Lülin” Mədəniyyət Mərkəzinin fəaliyyətinin 30 illiyinin qeyd edildiyini vurğulayaraq tərəfdaş qismində Azərbaycan Mərkəzinə yubiley medalını hədiyyə edib.
Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru Sofiya Şıqayeva-Mitreska Novruz bayramının Azərbaycan xalqının ən gözəl və qədim bayramlarından biri olduğunu deyib, bu bayramın adət-ənənələrindən bəhs edib. O, 2010-cu ildə BMT Baş Assambleyası tərəfindən martın 21-nin “Beynəlxalq Novruz Günü” elan edildiyini, bu UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildiyini diqqətə çatdırıb.
Sonra Ədəbi klubun rəhbəri şair Dimitr Milov bu tədbirin Bolqarıstan və Azərbaycan arasında ədəbi əlaqələrə töhfə verəcəyinə ümidvar olduğunu deyib.
Tədbirdə iştirak edən hər bir şair yaz və həyat haqqında şeirlərini səsləndirib.
Ədəbi-bədii gecə zamanı Mərkəzin tələbələri Preslav Tsanev, Saşa Zdravkova və Yolina Petrova Nizami Gəncəvinin, Mirzə Ələkbər Sabirin, Hüseyn Cavidin yaz və Novruz haqqında Azərbaycan dilində şeirlərini söyləyib, Nikol Georgiyeva və Melisa Ramadan isə Azərbaycan milli rəqslərini təqdim ediblər.
Mərkəz tərəfindən təşkil olunmuş ziyafətdə qonaqlara Azərbaycan çayı, Novruz xonçası və milli şirniyyatlar təqdim edilib.

Elm və təhsil 2023-03-23 15:23:00