×
A
A
A
Sazlamalar

Göyçəli Razim əmi: Ümid edirik ki, “Dəmir yumruq” Göyçəyə də enəcək

Gəncə, 23 mart, Elcan Məmmədov, AZƏRTAC

Dədə-baba torpağımızdan deportasiya olunacağımız vaxtilə xəyalımıza belə gəlməzdi. İndi düşünürəm ki, ermənilər bunu zaman-zaman, planlı şəkildə həyata keçiriblər. Göyçənin Nərimanlı kəndində 400-ə qədər həkim, müəllim, alim, ziyalı var idi. Bizim qonaqpərvərliyimizdən, mehribanlığımızdan ermənilər sui-istifadə etdilər...
Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində pedaqoq, şair Razim Hacıyev (Göyçəli) bildirib.
Razim Hacıyev 1952-ci ilin mayın 9-da Göyçə mahalının Basarkeçər rayonunun Nərimanlı kəndində dünyaya göz açıb. Torpağa, yurd-yuvaya bağlılığı da elə bu kənddən başlayıb. O, Gəncə Dövlət Pedaqoji İnstitutunda ali təhsil alaraq Kəlbəcərdə, sonra Nərimanlı kəndində və nəhayət, Gəncədə orta məktəbdə müəllim işləyib. Razim Hacıyev qabaqcıl müəllim olmaqla yanaşı, həm əsl vətəndaş, həm də şair kimi tanınır. Qarabağ müharibəsi iştirakçısıdır.
“1988-ci ildən ermənilər bizi yerimizdən-yurdumuzdan qovdular. Həmin ilin iyun ayında Nərimanlı kəndi yaxınlığında Göykörpü adlanan körpünün ərazisində bizim kəndin, eləcə də Sarıyaqub, Qoşabulaq, Zod, Ağkilsə, Zərkənd kəndlərinin əhalisi nümayişlər keçirdi. Ermənilərin mənfur, riyakar simasını ovaxtkı rəhbərliyə çatdırmaq istədik. Ancaq sovet rəhbərliyi bizə dəstək vermədi. Məcburən köçməli olduq”, - deyə R.Hacıyev deyib.
Razim müəllim vəziyyətin getdikcə ciddiləşdiyini görəndən sonra 1988-ci ilin dekabrın 2-də ailəsi ilə birlikdə öz doğma torpağından çıxıb. Əvvəlcə Şuşaya, yaxud Xocalıya köçmək istəsə də, sovet rəhbərliyi buna icazə verməyib. Onlar Gəncəyə pənah gətiriblər. Şair Razim Hacıyev Göyçəni öz şeirlərində belə xatırlayır:
Qocalır, Razimin özü qocalır,
Ürəyi qocalır, sözü qocalır,
Göyçəyə zillənmiş gözü qocalır,
Bu dağdan o dağa köçməyim gəlir.
Müsahibimiz dədə-baba torpaqlarına qayıdıb, ata-anasının qəbrini ziyarət edəcəyinə inandığını deyir: “O günlər uzaqda deyil. Prezident İlham Əliyevin ötən ilin dekabrında yaratdığı icma, verdiyi qərarlar bizi fərəhləndirir. Ümid edirik ki, “Dəmir yumruq” Göyçəyə də enəcək, tezliklə doğma kəndimizə qayıdacağıq, Qarabağımız kimi Göyçəmizi də azad edəcəyik”.

Regionlar 2023-03-23 15:21:00