×
A
A
A
Sazlamalar

Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrdən ÜMT ilə əməkdaşlıq genişlənməyə başlayıb

Bakı, 23 mart, AZƏRTAC

Martın 23-də Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) 150 illik yubileyi qeyd edilir. Bu təşkilat atmosferin vəziyyəti və onun okeanlarla qarşılıqlı təsiri, iqlim və onun su ehtiyatlarına təsiri üzrə BMT sisteminin əsas səlahiyyətli orqanı hesab edilir.
Hazırda dünyanın 193 dövlətini birləşdirən Ümumdünya Meteorologiya Təşkilat məhz 1873-cü ildə yaradılmış Beynəlxalq Meteorologiya Təşkilatının əsasında 1950-ci il martın 23-də təsis edilib.
Məlum olduğu kimi, Azərbaycan 1993-cü il dekabrın 27-də ÜMT-yə üzv qəbul olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan ilə ÜMT arasında sıx əməkdaşlıq əlaqələri formalaşıb. Bu əlaqələr ilk növbədə özünü Ümumdünya Meteorologiya Konqresi, ÜMT-nin İcraiyyə Şurası, ÜMT-nin 6-cı (Avropa) Regional Assosiasiyasının sessiyalarında, o cümlədən il ərzində ÜMT çərçivəsində keçirilən iclaslarda Azərbaycan Respublikasının müvafiq nümayəndə heyətlərinin iştirakında və ÜMT nümayəndələrinin müxtəlif illərdə ölkəmizə etdikləri rəsmi səfərlərdə, habelə respublikada dünya standartlarına cavab verən hidrometeorologiya xidmətinin qurulması istiqamətində ÜMT tərəfindən müvafiq texniki və metodoloji dəstəyin təqdim edilməsində göstərir.
Əlamətdar haldır ki, 2003-cü il iyunun 30-da Azərbaycan Respublikası ilə Ümumdünya Meteorologiya Təşkilatı arasında əməkdaşlığın həyata keçirilməsinin təmin edilməsi haqqında Sərəncam bu il 100 illik yubileyini qeyd edəcəyimiz Ümummilli Lider Heydər Əliyev tərəfindən imzalanıb. Məhz həmin Sərəncamla Azərbaycan Respublikası ilə ÜMT arasında əməkdaşlığın həyata keçirilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinə həvalə edilib. Ötən dövrdə isə əməkdaşlıq əlaqələri yüksələn xətlə inkişaf etdirilib.
Qeyd edək ki, təşkilat struktur etibarilə Konqres, İcraiyyə Şurası və Katiblik, o cümlədən 6 Regional Assosiasiya və 2 Texniki Komissiyadan ibarətdir. Təşkilatın, eyni zamanda, prezident və 3 vitse-prezidenti, habelə Baş katibi vəzifələri mövcuddur. Baş ofisi Cenevrə şəhərində yerləşən ÜMT-nin Katibliyinə Baş katib rəhbərlik edir, onun ən ali orqanı isə Dünya Meteorologiya Konqresidir. Onun hazırkı prezidenti Almaniya Meteorologiya Xidmətinin rəhbəri Gerhard Adrian, Baş katibi isə professor Petteri Taalasdır.
Xatırladaq ki, Ümumdünya Meteorologiya Təşkilatının təşəbbüsü ilə BMT-nin himayəsi altında hər il martın 23-ü Ümumdünya Meteorologiya Günü kimi qeyd olunur. Bu əlamətdar gün hər il aktual bir mövzuya diqqət çəkən xüsusi deviz altında keçirilir. 2023-cü ildə bu günün şüarı “Nəsillər boyu hava, iqlim və suyun gələcəyi” ifadəsidir.
Bu günün qeyd olunmasında əsas məqsəd hidrometeorologiya ilə bağlı dünyada baş verən proseslərə, xüsusilə son illər cəmiyyəti narahat edən qlobal iqlim dəyişmələrinə, baş verə biləcək təhlükəli hidrometeoroloji proseslərə beynəlxalq ictimaiyyətin diqqətinin artırılmasından ibarətdir.

Ekologiya 2023-03-23 15:13:00