×
A
A
A
Sazlamalar

Milli Qəhrəman Vəzir Orucovun xatirəsi anılıb

Tərtər, 22 mart, Tahir Ağaməmmədov, AZƏRTAC

Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun şəhidlik zirvəsinə ucalmasından 30 il ötür. Bu münasibətlə Tərtər şəhərində Milli Qəhrəmanın xatirəsi anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər, V.Orucovun döyüş dostları Tərtər şəhərində Milli Qəhrəmanın barelyefi önünə gül-çiçək qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Çıxış edənlər Milli Qəhrəmanın mənalı həyat və qəhrəmanlıqla dolu döyüş yolundan danışıblar. Məlumat verilib ki, Vəzir Orucov 1956-cı ildə Tərtər rayonunun Xoruzlu kəndində anadan olub. 1974-cü ildə Bakı Yüngül Sənaye Texnikumuna qəbul olub, təhsilini və hərbi xidməti başa çatdırdıqdan sonra 1984-cü ildən 1992-ci ilə qədər Rusiyanın Arxangelsk vilayətində yaşayıb. Ermənilərin torpaqlarımıza hərbi təcavüzü başlayanda V.Orucov Azərbaycana qayıdıb, “Tərtər” özünümüdafiə batalyonuna yazılıb. 1992-ci ilin sentyabrında Çıldıran kəndi uğrunda gedən döyüşlərdə ağır yaralanıb, 1993-cü il yanvarında tam sağalmasa da, yenidən cəbhəyə qayıdıb. Ağdərədə gedən döyüşlərdə cəsurluq göstərib, qorxmazlığı ilə döyüş yoldaşlarına nümunə olub. Döyüşlərdəki şücaətinə və komandirlik bacarığına görə batalyon komandirinin müavini vəzifəsinə qədər yüksəlib.
Vəzir Orucov 1993-cü il martın 22-də Ağdərə bölgəsinin “Qlobus” yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olub. Bakıda Şəhidlər xiyabanında dəfn olunub. Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Regionlar 2023-03-22 20:23:00