×
A
A
A
Sazlamalar

Moskva vilayətində Novruz bayramı qeyd edilib

Bakı, 22 mart, AZƏRTAC

Rusiyanın Moskva vilayətinin Puşkin şəhər dairəsində ilk dəfə olaraq “Moskva vilayətində Novruz” mövzusunda millətlərarası bahar bayramı keçirilib.
Bu barədə AZƏRTAC-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, bayram tədbiri Dostluq Evi Millətlər Şurasının həmsədri, “Moskva azərbaycanlılarının regional milli-mədəni muxtariyyəti” ictimai təşkilatının Puşkin bölməsinin sədri Mahir Miriyev, Dostluq Evi Millətlər Şurasının həmsədri, “Atamanın ruhu” Kazak Yaradıcılıq Birliyi Şurasının sədri Yelena Ssas, Puşkin şəhər dairəsinin yerli tatar milli-mədəni muxtariyyətinin sədri Dinara Akçurina və “Stroitel” Mərkəzi Mədəniyyət Evinin milli-mədəni qarşılıqlı əlaqə sektorunun müdiri Tatyana Klyuçnikovanın birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə Moskva vilayətinin rəsmi şəxsləri, vilayət Dumasının deputatları, Azərbaycan diasporunun, müxtəlif icmaların, yerli vətəndaş cəmiyyətinin nümayəndələri, Puşkin şəhər dairəsinin sakinləri, Moskva şəhərindən və Moskva vilayətlərindən gələn qonaqlar iştirak ediblər. Qonaqlar arasında “Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatının sədri Bəxtiyar Həsənov, sədr müavini Həşim Əliyev, “Moskva vilayəti azərbaycanlılarının regional milli-mədəni muxtariyyəti” ictimai təşkilatının sədri Elşən İbrahimov, “Moskva vilayətinin Ruza rayonu üzrə Azərbaycan milli-mədəni muxtariyyəti” yerli ictimai təşkilatının sədri Sahib Musayev və başqaları olub.
Çıxış edənlər Novruz bayramının tarixindən, adət-ənənələrindən danışıblar, bayram münasibətilə soydaşlarımızı təbrik edib, xoş arzularını bildiriblər. Qonaqlara Azərbaycan və tatar milli-mədəni muxtariyyətləri üzvlərinin hazırladıqları Novruz şirniyyatları paylanılıb, uşaqlar üçün əyləncəli oyunlar keçirilib.
Tədbirin bədii hissəsində müxtəlif yaradıcılıq kollektivlərinin, o cümlədən “Qarabağ” instrumental rəqs ansamblının ifasında rəngarəng konsert proqramı təqdim edilib.

Cəmiyyət 2023-03-22 18:56:00