×
A
A
A
Sazlamalar

Professor Musa Qasımlı: Azərbaycan xalqı daim türk qardaşlarının yanında olub

Bakı, 22 mart, AZƏRTAC

Brüsseldə keçirilmiş “Türkiyə və Suriyadakı insanlar üçün birlikdə” Beynəlxalq Donorlar Konfransında xarici işlər naziri Ceyhun Bayramovun Azərbaycanın Türkiyəyə 100 milyon dollar yardım etməsi məlumatını verməsi təsadüfi deyil.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı professor Musa Qasımlı deyib. Onun sözlərinə görə, Azərbaycan xalqı daim türk qardaşlarının yanında olub: “Balkan savaşları, Birinci Dünya müharibəsi illərində Azərbaycan müstəqil deyildi. Buna baxmayaraq azərbaycanlı gənclər türk qardaşlarının yanında idilər. Sarıqamış savaşından sonra Azərbaycana gətirilən türk əsirlərinə azərbaycanlılar daim yardım göstərirdilər. Hər cümə günü Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti Nargin adasına qayıqla gedərək türkiyəli hərbi əsirlərə dərman, yemək, su aparardılar. Onların yüksək rütbəli zabitlərini adadan qaçırtdılar, İsmailiyyə mehmanxanasında paltarlarını dəyişdilər, Qurd qapısından keçirərək Ələtdən Ənzəliyə gəmi ilə yola saldılar. Buna görə çarizm azərbaycanlı milyonçuları sıxışdırmağa başladı. 1918-1920-ci illərdə Bakıda “Qardaşlıq köməyi” dərgisi nəşr olunurdu. O dərgidən toplanan vəsait türk qardaşlarımıza göndərilirdi. Türk xalqının İstiqlal savaşında da Azərbaycan yenə türk qardaşlarının yanında idi. Sonrakı bütün onilliklər ərzində Azərbaycan xalqı daim türk qardaşlarının yanında olub. Bundan əvvəlki zəlzələlərdə də Azərbaycan Türkiyə hökumətindən icazə almadan humanitar yardımlarını göndərib. Van zəlzələsini buna nümunə çəkmək olar. Sonrakı bütün digər acılarda Azərbaycan xalqı türk qardaşlarının yanında oldu. Azərbaycan xalqı budəfəki zəlzələni də öz ağrı-acısı kimi qəbul etdi. Həm Heydər Əliyev Fondunun xətti ilə humanitar yardımlar göstərildi, həm də xalq özü o yardımları topladı. Bu yardımlar Bakıda iki yerdə təşkil edildi. Bundan əlavə, işləyən insanlar, pensiyaçılar, məktəblilər bu yardımda iştirak etdilər. Bu, bir daha göstərir ki, dövlətlər arasında münasibətlərin təməlləri çox möhkəmdir. Zəlzələ baş verən ilk anlardan Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın qardaş Türkiyənin yanında olduqlarını bəyan etdilər, bütün mümkün yardımlar göstərildi”.

Siyasət 2023-03-22 16:34:00