×
A
A
A
Sazlamalar

16 illik maraqlı ənənə – şagirdlər məktəbə velosipedlə gedib-gəlirlər FOTO VİDEO

Balakən, 22 mart, Mustafa Dadaşov, AZƏRTAC

Yolunuz nə vaxtsa Balakənin İtitala kəndinə düşsə, kənddaxili yollarda velosipedçilər dəstəsini görsəniz, təəccüblənməyin. Bu, heç də hər hansı bir idman yarışı, velosipedçilərin yürüşü deyil. Sadəcə, İtitalada böyükdən kiçiyə hamı velosiped sürməyi xoşlayır və bu nəqliyyat vasitəsi sakinlərin gündəlik həyatında, təsərrüfat işlərinin yerinə yetirilməsində önəmli rol oynayır. Şagirdlərin, həmçinin bəzi müəllimlərin məktəbə velosipedlə gəlmələri artıq ənənə halını alıb. Ümumiyyətlə, qeyri-rəsmi məlumatlara görə, kənddə ailələrdə 300-dən çox velosiped var.
AZƏRTAC-ın bölgə müxbiri Novruz bayramından əvvəl İtitala kənd məktəbində olub, şagirdlərlə, müəllimlərlə söhbətləşib, bu ənənənin yaranma tarixi ilə maraqlanıb.


Qeyd edək ki, 2525 nəfər əhalisi olan İtitala kəndi Balakənin ucqar yaşayış məntəqələrindəndir, rayon mərkəzindən 22 kilometr aralıda, qonşu Gürcüstanla sərhəddə yerləşir. Kənddə 530 ev təsərrüfatı var. Kənd əhalisinin əksəriyyətini ingiloylar təşkil edir. Aslan Balayev adına kənd tam orta məktəbində hazırda 392 şagird təhsil alır. Onların təlim tərbiyəsi ilə 55 müəllim məşğul olur. Məktəbdə dərslər Azərbaycan və gürcü dillərində tədris edilir.

Şagirdlərin məktəbə velosipedlə gəlmək ənənəsi 2007-ci ildən yaranıb. İlk vaxtlar məktəbə 10-15 nəfər velosipedlə gəlirdisə, indi onların sayı gündəlik 130-140 nəfərə çatır. Şagirdlər səhər dərsə gəldikdə giriş qapısının yanında xüsusi olaraq ayrılmış ərazidə velosipedlərini səliqə ilə saxlayır, dərsdən çıxdıqda isə sürərək evlərinə gedirlər. Dayanacaqda hər sinfin öz parkinq yeri olduğu üçün dərs sonu şagirdlər velosipedlərini götürərkən qarışıqlıq yaranmır. Velosipedlə dərsə gəlmək şagirdlərin öz seçimidir və məcburiyyət yoxdur.

Adəm Əliyev 7-ci sinifdə oxuyur. Evləri məktəbdən çox uzaqda olduğu üçün 1-ci sinifdən dərsə velosipedlə gəlir. “Velosiped sürmək həm sağlamlıqdır, həm də dərsə gecikmirəm. Bütün uşaqlara da tövsiyə edirəm ki, məktəbə velosipedlə gəlsinlər”,- deyə Adəm bildirib.
Məktəbdə gürcü bölməsi üzrə təhsil alan 9-cu sinif şagirdi Dinarə Muradova isə 5-ci sinifdən məktəbə velosipedlə gəlir. Deyir ki, velosipeddən istifadə etdiyi üçün özünü sağlam, gümrah hiss edir. Yeddinci sinif şagirdi Ramiz Ramazanov da 1-ci sinifdən məktəbə velosipedlə gəlir. O, velosipeddən istifadə edərkən yol hərəkəti qaydalarına ciddi əməl edir.

Maraqlıdır ki, müəllimlərdən bəziləri də məktəbə gələrkən velosipeddən istifadə etməyə üstünlük verirlər. Müəllim Məhəmməd Ramazanov deyir ki, uzun illərdir velosipeddən istifadə edir, çox sərfəli nəqliyyat vasitəsidir, sağlamlığa da yaxşı təsir göstərir. İndi kənddə əhalinin böyük əksəriyyəti velosipeddən istifadə edir.

Məktəbin direktoru Məhəmməd Mustafayevlə söhbət zamanı bildirib ki, şagirdlər yalnız məktəbə gələrkən deyil, dərsdən sonra məşğələlərə gedərkən də velosipeddən istifadə edirlər. Velosipeddən istifadə edən şagirdlər həm sağlamlıqlarını qoruyur, eyni zamanda, vaxtlarına qənaət edir, dərs qurtardıqda evlərinə vaxtında çatırlar. “Elə şagirdlər var ki, evləri məktəbdən 2-2,5 kilometr uzaqlıqda yerləşir. Ona görə də velosipeddən istifadə etmək onlar üçün çox sərfəlidir. Məktəbimizdə, eyni zamanda, velosipedlə bağlı müxtəlif yarışlar da təşkil edirik. Məsələn, ötən il noyabrın 9-da – Dövlət Bayrağı Günündə velosipedçilərin iştirakı ilə yürüş keçirdik və bu, kənd sakinləri tərəfindən böyük maraqla qarşılandı”, - deyə direktor qeyd edib.

Regionlar 2023-03-22 15:56:45

Video