×
A
A
A
Sazlamalar

“TikTok”: ABŞ-lı istifadəçilərin məlumatları Çin hökuməti ilə paylaşılmayıb

Bakı, 22 mart, AZƏRTAC

Yüz əlli milyondan çox amerikalı istifadəçisi olan Çinə məxsus sosial şəbəkə – “TikTok” ABŞ-lı istifadəçilərin məlumatlarını Çin hökuməti ilə paylaşmayıb və paylaşmayacaq.
AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, bunu “TikTok” sosial şəbəkəsinin baş icraçı direktoru Shou Zi Chew açıqlayıb.
“TikTok” heç vaxt ABŞ-lı istifadəçilərin məlumatlarını Çin hökuməti ilə paylaşmayıb və ya paylaşmaq üçün sorğu almayıb. Əgər belə bir tələb olsaydı belə, bu, yerinə yetirilməzdi”, - deyə o bildirib.
Shou Zi Chew əlavə edib ki, “TikTok”un sahibi “ByteDance” şirkəti heç bir hökumətə və ya dövlət qurumuna məxsus deyil: “Birmənalı şəkildə qeyd edirəm ki, “ByteDance” Çinin və ya başqa bir ölkənin agenti deyil”.
Qeyd edək ki, “TikTok”un tənqidçiləri onun ABŞ-dakı istifadəçi məlumatlarının proqram tərəfindən Çin hökumətinə ötürülə biləcəyini bildirirlər və bu, ABŞ qanunvericiləri tərəfindən tətbiqin qadağan edilməsi çağırışlarının artmasına səbəb olur.
Ağ ev administrasiyası “TikTok” sosial şəbəkəsinin çinli sahiblərindən öz hissələrini satmalarını istəyir. Əks halda sosial şəbəkənin Birləşmiş Ştatlar ərazisində istifadəsinə qadağa qoyulacaq.
Ötən ilin sonlarında ABŞ Konqresi federal hökumətin elektron qurğularında və telefonlarında “TikTok” sosial şəbəkəsindən istifadəni qadağan edən qanunu təsdiqləyib. Amerikalı qanunvericilər, həmçinin ölkə prezidentinə tətbiqi ümumiyyətlə qadağan etməyə imkan verəcək qanun layihəsini nəzərdən keçirməyi planlaşdırır.
İndiyədək ABŞ-nin 13 ştatı mənzil-qərargahı Çində yerləşən “ByteDance” kompaniyasına məxsus “TikTok” tətbiqinə qarşı tədbirlər görüb. Hakimiyyət orqanları hesab edir ki, “TikTok” Çin hökuməti tərəfindən amerikalı istifadəçilərin məlumatlarını toplamaq üçün istifadə oluna bilər.

Dünya 2023-03-22 09:29:00