×
A
A
A
Sazlamalar

Deputat: Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribat onun sülhə hazır olmadığını göstərir

Bakı, 21 mart, AZƏRTAC
Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribat onun sülhə hazır olmadığını və Azərbaycanın təklif etdiyi sülh müqaviləsini imzalamaqdan süni əngəllərlə boyun qaçırmaq istədiyini göstərir. Çox təəssüf ki, Ermənistanın bu təxribatları Avropa İttifaqının (Aİ) Ermənistanda Azərbaycanla şərti dövlət sərhədində yerləşən missiyasının fonunda baş verir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib. Onun sözlərinə görə, Ermənistanın son təxribatları, həmçinin İrəvanın davamlı olaraq əsassız iddialar irəli sürməsi Paşinyan hökumətinin regiondan kənar qüvvələrin təlimatlarına uyğun hərəkət etdiyini göstərir.
“Ermənistan siyasi hakimiyyəti bölgəyə xarici qüvvələrin cəlb edilməsi istiqamətində fəaliyyət nümayiş etdirir. Əsas məqsəd isə Ermənistanı dəstəkləyən havadarlar tapmaqla müxtəlif təxribatlar törətməkdir. Aİ missiyasının Ermənistana gətirilməsi də bu məqsədə kömək etmiş oldu”, - deyə deputat qeyd edib.
S.Mikayılova əlavə edib ki, Aİ missiyasının gəlməsindən sonra Ermənistan artıq neçənci dəfədir təxribat törətməkdən çəkinmir.
“Sanki bu missiya Ermənistana yeni təxribatlar törətmək üçün əlverişli şərait yaradır. Belə təxribatlardan biri də ötən gün baş verdi. Martın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycanın mövqelərini atəşə tutdu və nəticədə Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralandı”.
Deputat, eyni zamanda, Ermənistanın siyasi rəhbərliyinin müxtəlif iddialarla çıxış etməsinə toxunub. Qeyd edib ki, Azərbaycanı 2020-ci il 10 noyabr Bəyanatının müddəalarını yerinə yetirməməkdə əsassız olaraq ittiham edən Ermənistan bu günədək sözügedən sənəd çərçivəsində üzərinə götürdüyü öhdəliklərin prinsipial və əhəmiyyətli hissəsini yerinə yetirməyib. Həmin Bəyanatın kommunikasiyaların açılması ilə bağlı müddəaları Ermənistan tərəfindən hələ də icra edilməyib və rəsmi İrəvan ən müxtəlif bəhanələrlə, həmçinin Avropa İttifaqının missiyası timsalında xarici qüvvələri bölgəyə cəlb etməklə öz öhdəliklərindən yayınmağa cəhdlər göstərir.
“İrəvanın ittihamlarla dolu bəyanatları sülh prosesinə ciddi əngəl törədir. Ermənistanın bəyanatlarından və təxribatlarından bu qənaətə gəlmək olur ki, Ermənistan xarici qüvvələri bölgəyə cəmləşdirməklə regionda bu qüvvələrin siyasi müharibəsinə zəmin hazırlayır. Ermənistanın bu təşəbbüsləri isə regionda yaşayan bütün xalqların təhlükəsizliyinə ciddi təhdiddir”, - deyə deputat vurğulayıb.

Siyasət 2023-03-21 21:33:00