×
A
A
A
Sazlamalar

Siyasi ekspert: Avropa İttifaqının missiyası Ermənistanın təxribatlarına reaksiya vermir

Bakı, 21 mart, AZƏRTAC

Avropa İttifaqının (Aİ) missiyasının Ermənistana gəlişindən sonra rəsmi İrəvanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmək, danışıqlar prosesini mümkün qədər uzatmaq üçün davamlı təxribatlara əl atacağı, aqressiv revanşçı davranışlar sərgiləyəcəyi gözlənilən idi.
Bunu AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli deyib
Onun sözlərinə görə, Azərbaycanın Aİ-nin missiyasının sülh prosesinə maneə yaradacağı ilə bağlı xəbərdarlıqlarının əsasında da məhz bu gözləntilər dayanırdı və geridə qalan zaman kəsiyi növbəti dəfə ölkəmizin haqlı olduğunu sübuta yetirir.
Məsələ burasındadır ki, Nikol Paşinyan hakimiyyətə gəldiyi ilk gündən bölgəyə xarici qüvvələrin cəlb edilməsinə çalışır və regiondankənar qüvvələrin maraqlarının ifadəçisi kimi çıxış edir. Azərbaycan Ordusunun qələbəsindən sonra Paşinyan və onun “sorosçu” dəstəsinin bu istiqamətdəki fəaliyyəti daha aktiv mərhələyə qədəm qoyub. İndi “Avropa İttifaqının mülki missiyası” adlanan, amma reallıqda isə ayrı-ayrı ölkələrin hərbi qulluqçularının və xüsusi xidmət orqanlarının yer aldığı missionerlər qrupu Ermənistan üçün “çətir” rolunu oynayır və rəsmi İrəvan da bu “çətir”in arxasında uzun müddət daldalana, təxribatlarını davam etdirə və cəzasız qala biləcəyini düşünür.
E.Mirzəbəyli bildirib ki, Avropa İttifaqının ayrı-ayrı təsisatlarının Ermənistanın davamlı təxribatlarına heç bir reaksiya verməməsi, Aİ-yə üzv bir sıra ölkələrin və Avropa Parlamentinin qatı ermənipərəst mövqedən çıxış etməsi missiyanın məqsədinin sülh prosesinə töhfə verməkdən ibarət olmadığını, Ermənistanın öz ərazisini bölgədənkənar qüvvələrin Cənubi Qafqazdakı hərbi-siyasi plasdarmına çevirmək strategiyasını həyata keçirmək niyyəti güddüyünü təsdiqləyir.
Hazırda Azərbaycan xalqı Novruz bayramını qeyd edir və bəşəriyyətin ən qədim bayramlarından olan Novruz daşıdığı yüksək humanizm dəyərlərinə görə UNESCO tərəfindən Beynəlxalq Novruz günü elan edilib. Azərbaycanla yanaşı bölgə xalqlarının əhəmiyyətli hissəsinin bayram əhval-ruhiyyəsində olduğu bir zaman kəsiyində Ermənistanın hərbi təxribata əl atması, qan tökməsi bu ölkənin siyasi rəhbərliyinin, təkcə azərbaycanlılara deyil, bütün bəşəri dəyərlərə düşmən kəsildiyini göstərir. Avropa İttifaqının missiyası isə Ermənistanın təxribatlarına nəinki reaksiya vermir, əksinə rəsmi İrəvanın yalan və böhtanlarına meydan açmaqla, rəsmi İrəvanın aqressiv davranışlarını daha da stimullaşdırır və davamlı olmasına əlverişli zəmin yaradır.
"Bu baxımdan, ermənilərin törətdikləri bütün təxribatlara, axan hər damla qana görə həm də Avropa İttifaqının missiyası, yaxud Avropalı missionerlər məsuliyyət daşıyır. Təxribatların sayının missionerlərin gəlişindən sonra artması isə bu məsuliyyəti ikiqat artırır", - deyə Elçin Mirzəbəyli qeyd edib.

Siyasət 2023-03-21 15:09:00