×
A
A
A
Sazlamalar

Bu gün Beynəlxalq Meşələr Günüdür

Bakı, 21 mart, AZƏRTAC
Martın 21-i dünyada Beynəlxalq Meşələr Günü kimi qeyd olunur.
AZƏRTAC BMT-nin Ərzaq və Kənd Təsərrüfatının saytına istinadla xəbər verir ki, BMT-nin Baş Assambleyası 2012-ci ildə martın 21-ni Beynəlxalq Meşələr Günü elan edib. Bu gün bütün meşə tiplərinin ekoloji vacibliyi vurğulanır, onların qorunmasına və artırılmasına diqqət yönəldilir. Hər il bu gün ölkələrdə ağacəkmə aksiyaları, regional və beynəlxalq fəaliyyətlər, təşviqat və təbliğat işləri ilə yadda qalır.
2023-ci ildə Beynəlxalq Meşələr Günü bütün dünyada "Meşələr və sağlamlıq" devizi altında qeyd olunur.
Hər saniyə Yer kürəsi 1,5 hektardan çox meşəni itirir.
Yer kürəsinin ən qiymətli təbii sərvəti hesab olunan meşələr planetin quru səthinin üçdəbirini tutur. Hazırda dünyada meşələrin ümumi sahəsi 38 milyon kvadratkilometrə yaxındır. Bunun 13 faizi xüsusi mühafizə olunan təbiət ərazilərinə aiddir. Meşələr 60 mindən çox ağac növü ilə dünyanın quru biomüxtəlifliyinin təxminən 80 faizinə ev sahibliyi edir. İki mindən çox yerli etnik qrup və millətlər də daxil olmaqla planetin təqribən 1,6 milyard sakini qida, sığınacaq, enerji, dərman və gəlir üçün birbaşa meşələrdən asılıdır. Bununla belə, hər gün dünyanın meşə sahəsi durmadan azalır, hər saniyə Yer kürəsi 1,5 hektardan çox meşəni itirir. İlk növbədə, bu, əhalinin artması və müxtəlif insan ehtiyacları üçün meşə sahələrinin transformasiyası ilə əlaqədardır. Bəzi ekspert hesablamalarına görə, son 10 min il ərzində insan 26 milyon kvadratkilometr meşə ərazisini məhv edib. Bununla yanaşı, meşələr yanğınlar, qanunsuz ağac kəsmələri, təbii fəlakətlər, həşərat zərərvericiləri, xəstəliklər və digər səbəblərdən məhv olur. Meşələrin sahəsinin azalması bütün təbiət və bütün bəşəriyyətin həyatı üçün qlobal əhəmiyyət kəsb edən düzəlməz mənfi proseslərə gətirib çıxarır.
Bu baxımdan Beynəlxalq Meşələr Gününün əsas vəzifəsi planetin sakinlərinin diqqətini meşələrin mühafizəsi probleminə cəlb etmək, meşə ekosistemlərinin əhəmiyyəti, onların həqiqi vəziyyəti, mühafizəsi üzrə əsas tədbirlər haqqında məlumat vermək və bərpasına çağırış etməkdir.
Meşələrin davamlı idarə edilməsi iqlim dəyişikliyi ilə mübarizədə, yoxsulluğun aradan qaldırılmasında və Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunmasında mühüm rol oynayır.
Maraqlıdır ki, bəzi ölkələrdə Beynəlxalq Meşə Günü ilə yanaşı, bu gün Ağac Günü də qeyd olunur.
Bu il Azərbaycanda 3 milyon ağacın əkilməsi planlaşdırılır
Respublikamızın meşə fоndu sahəsi 1213,7 min hektar olmaqla ümumi ərazinin 14 faizini təşkil edir. Meşə ilə örtülü sahələr isə 1021 min hektardır ki, bu da respublika ərazisinin 11,8 faizini əhatə edir. Ölkəmizin ümumi meşə ərazilərinin 49 faizi Böyük Qafqazın, 34 faizi Kiçik Qafqazın, 15 faizi Talış dağlarının, 2 faizi isə aran zonasının payına düşür. XVIII-XIX əsrlərdə indiki Azərbaycan ərazisinin 35 faizi meşə ilə örtülü olub. Hazırda meşə ilə örtülü sahələr ölkə ərazisinin 11,8 faizini təşkil edir. Azərbaycan meşələri dünya meşələrinin birinci qrupuna aiddir. Çox təəssüflə qeyd olunmalıdır ki, otuz ilə yaxın davam edən işğal dövründə Ermənistan meşələrimizə külli miqdarda ziyan vurub.
Ölkəmizdə meşə siyasəti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumu - Meşələrin İnkişafı Xidməti vasitəsilə həyata keçirilir.
Azərbaycanda meşə fondu torpaqlarının açıq və seyrək sahələrində, o cümlədən azad edilmiş ərazilərimizdə meşələrin, həmçinin ölkəmizdə yaşıllıq sahələrinin bərpası məqsədilə kütləvi ağacəkmə aksiyaları təşkil olunur. Sevindirici haldır ki, ölkəmizdə fəaliyyət göstərən müxtəlif yerli və beynəlxalq qurumlar özəl günlərini ağacəkmə aksiyaları ilə qeyd edirlər.
Ölkəmizdə ətraf mühitin mühafizəsi naminə həyata keçirilən tədbirlərin ən fəal iştirakçısı olan IDEA İctimai Birliyinin bu istiqamətdə fəaliyyəti xüsusi qeyd edilməlidir. IDEA İctimai Birliyinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə həyata keçirdiyi “Yaşıl Marafon” kampaniyası çərçivəsində ölkənin müxtəlif regionlarında yaz-payız əkin mövsümlərində təşkil edilən kütləvi ağacəkmə aksiyaları yaşıllıq sahələrinin artırılmasına, ağac əkilməsini təşviq edərək ətraf mühitin mühafizəsinə, eyni zamanda, yaşıllıqların qorunması ilə bağlı maarifləndirmə işlərinə böyük töhfə verir.
Qeyd edək ki, bu il ümumilikdə ölkə ərazisində 3 milyon ağacın əkilməsi planlaşdırılır.

Ekologiya 2023-03-21 12:40:00